"Dədə-baba yurdumuza dönmək bizim haqqımızdır" - SORĞU

Azərbaycanlılar etnik mənsubiyyətinə görə müxtəlif vaxtlarda Qərbi Azərbaycan - indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunublar. Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bəs görək Qərbi Azərbaycan sakinləri öz yurdları barədə nə düşünür. Yenidən doğma torpaqlarına qayıdacaqlarına ümid edirlərmi? SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Zahir Nəsibov: “İlk növbədə Azərbaycan xalqını təbrik edirəm. Prezident Xankəndidə də bayrağımızı ucaltdı. Xalqımıza qarşı cinayət törədənlər bir-bir öz layiq olduğu yerə göndərilir. Dövlətimiz bu qədər işlər görür. Vaxtilə nə qədər əzablar çəkmişiksə, indi bir o qədər sevincli günlər yaşayırıq. Biz Qərbi Azərbaycanlılar isə hələ də qəlbimizdə Vətən dərdi çəkirik. Allahdan ümid kəsilməz. Gün gələr biz də öz torpaqlarımıza qovuşarıq. Bu sözü deyəndə belə ürəyim ağrıyır amma əgər düşmən viran qoymayıbsa, bizə babalarımızın qəbirlərini ziyarət etmək nəsib olar”.

Qərbi Azərbaycan sakini Fidan Həsənli: “Son hadisələrdən sonra Qərbi Azərbaycana qayıdışa bir az da ümidim artdı. Qarabağa qayıdışı təmin edən ölkə başçısı bizi Qərbi Azərbaycana da aparar. Ermənistan da artıq Azərbaycanla müharibənin onlara bir faydasının olmayacağını anlamalıdır. Müharibə ən çox ermənilərə sərf etmir. Çünki Azərbaycan qalib dövlətdir və hər zaman da qalib olacaq. Ümid edirəm ki, tezliklə doğma dədə-baba yurdumuza geri dönərik. Çünki bu bizim haqqımızdır”.

Qərbi Azərbaycan sakini Şahmar Əliyev: “Əlbəttə ki, bir gün Qərbi Azərbaycana qayıdacağımıza inanırıq. Çünki biz Ali Baş Komandanımıza, ordumuza güvənirik. Bir günün içində erməni separatçılarını təslimə məhkum edən xalq, nələri etməz ki?! İnanıram ki, illərdir yuxularımda gördüyüm o yerləri yenidən real həyatda görəcəm. İndi orada kimin qalmağından asılı olmayaraq Qərbi Azərbaycan bizimdir, bizim olacaq”.

Qərbi Azərbaycan sakini Haqverdi Qaradöş: "Laçına, Füzuliyə köç başladığını eşidəndə çox kövrəlmişdim. Öz elimə getmiş qədər oldum. Həmin insanların yaşadığı sevinci yaşamamış ola bilərəm, amma çəkdikləri həsrəti çəkmiş adamam. Doğma yurdundan ayrı qalmağın nə olduğunu çox yaxşı bilirəm. Allah bizə də Qərbi Azərbaycana geri qayıtmağı nəsib etsin. İnanırıq ki, ordumuz və Ali Baş Komandanımız bunun da üstəsindən gələcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə