"Hələ də qəlbimdə Vətən dərdi çəkirəm" - SORĞU

Əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasəti, soyqırımı aktlarının ardıcıl, sistemli şəkildə tədqiqi Azərbaycan tarixinin ən aktual problemlərindən biridir. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Elə Qərbi Azərbaycan əhalisi də erməni qəddarlığına məruz qalanlardandır. İllərdir, öz tarixi torpaqlarından qovulmuş insanlar yurd-yuvalarına qayıtmaq üçün gün sayırlar. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinlərinin fikirlərini öyrənib.

Qərbi Azərbaycan sakini Tərlan Rzayeva: “Son hadisələrdən sonra Qərbi Azərbaycana qayıdışa bir az da ümidim artdı. Qarabağa qayıdışı təmin edən ölkə başçısı, bizi Qərbi Azərbaycana da aparar. Ermənistan da artıq Azərbaycanla müharibənin onlara bir faydasının olmayacağını anlamalıdır. Müharibə ən çox ermənilərə sərf etmir. Çünki Azərbaycan qalib dövlətdir və hər zaman da qalib olacaq. Ümid edirəm ki, tezliklə doğma dədə-baba yurdumuza geri dönərik. Çünki bu bizim haqqımızdır”.

Qərbi Azərbaycan sakini Əşrəf Həsənov: “Mənim ürəyimin bir parçası Göyçədədir. Ola bilər ki, Bakıda yerimiz var. Amma yurdumuz Göyçədir. Bu, heç vaxt dəyişməyəcək. Mən bir-iki xarici ölkəyə getmişəm. İstəyir dünyanın ən gözəl şəhəri də olsa, öz yurdumu əvəz eləməz. Səhər-axşam öz evimizə qayıdacağımız günlərin xəyalını qururam. İnanırsınız ki, onun xəyalı belə gözəldir. Amma Allah bizə gerçəyini yaşamağı da qismət eləsin”.

Qərbi Azərbaycan sakini Ülviyyə Cəfərova: "Hər dəfə Laçına, Füzuliyə köç olduğunu eşidəndə çox kövrəlirəm. Öz elimə getmiş qədər oluram. Həmin insanların yaşadığı sevinci yaşamamış ola bilərəm, amma çəkdikləri həsrəti çəkmiş adamam. Doğma yurdundan ayrı qalmağın nə olduğunu çox yaxşı bilirəm. Allah bizə də Qərbi Azərbaycana geri qayıtmağı nəsib etsin. İnanırıq ki, ordumuz və Ali Baş Komandanımız bunun da üstəsindən gələcək".

Qərbi Azərbaycan sakini İsgəndər Baxşəliyev: “İlk növbədə Azərbaycan xalqını təbrik edirəm. Prezident Xankəndidə də bayrağımızı ucaltdı. Xalqımıza qarşı cinayət törədənlər bir-bir öz layiq olduğu yerə göndərilir. Dövlətimiz bu qədər işlər görür. Vaxtilə nə qədər əzablar çəkmişiksə, indi bir o qədər sevincli günlər yaşayırıq. Biz Qərbi Azərbaycanlılar isə hələ də qəlbimizdə Vətən dərdi çəkirik. Allahdan ümid kəsilməz. Gün gələr biz də öz torpaqlarımıza qovuşarıq. Bu sözü deyəndə belə ürəyim ağrıyır amma əgər düşmən viran qoymayıbsa, bizə babalarımızın qəbirlərini ziyarət etmək nəsib olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə