"Bir gün Qərbi Azərbaycanlıların da üzü güləcək" - RƏYLƏR
Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bəs görək Qərbi Azərbaycan sakinləri öz yurdları barədə nə düşünür. Yenidən doğma torpaqlarına qayıdacaqlarına ümid edirlərmi? SİA mövzu ilə bağlı sorğu keçirib.
Qərbi Azərbaycan sakini Ülviyyə Cəfərova: "Laçına, Füzuliyə köç başladığını eşidəndə çox kövrəldim. Öz elimə getmiş qədər oldum. Həmin insanların yaşadığı sevinci yaşamamış ola bilərəm, amma çəkdikləri həsrəti çəkmiş adamam. Doğma yurdundan ayrı qalmağın nə olduğunu çox yaxşı bilirəm. Allah bizə də Qərbi Azərbaycana geri qayıtmağı nəsib etsin. İnanırıq ki, ordumuz və Ali Baş Komandanımız bunun da üstəsindən gələcək".
Qərbi Azərbaycan sakini İsgəndər Baxşəliyev: "Son günlərdə vəziyyət bir qədər gərgindir. Bu da onu göstərir ki, Ermənistan hələ də bizim qələbəmizi qəbullana bilmir. Biz Qarabağı geri aldıq, amma bundan üç il keçməsinə baxmayaraq ermənilər dinc dayanmır və atəşkəsi pozmağa cəhd edirlər. Bilirik ki, Qərbi Azərbaycanı da geri alsaq, Ermənistan onu da qəbul etməyəcək. Amma onların düşüncələri bizi maraqlandırmır. Biz haqq yolundayıq. İllər keçməsinə baxmayaraq torpaqlarımız bizə qayıdır. Bu gün Qarabağ camaatının üzü gülür, içi rahatdır. Allah qoysa bir gün Qərbi Azərbaycan əhalisinin də üzü güləcək".
Qərbi Azərbaycan sakini Raya Ağayeva: "Ermənistan hələ 44 günlük müharibədən sonra özünə gəlməyib. Təxribatçı hərəkətlərinə ara vermirlər. Günahsız vətəndaşlarımızı qırırlar. Halbuki ən böyük günahkarlar onlardır. Çünki bizi evimizdən, obamızdan didərgin salıblar. Elə bilirlər ki, həmişə belə olacaq. Amma Allah böyükdür. Haqq-ədalət öz yerini tapacaq və biz yurdumuza qayıdacağıq".
Qərbi Azərbaycan sakini Şahmar Əliyev: "Qərbi Azərbaycan deyiləndə ürəyimin başı sızıldayır. Zaman keçə bilər, amma bu ağrı keçmir. Allah özü ordumuza yar və yardımçı olsun. Ümid edirik ki, bir daha müharibə olmaz. Çünki biz mərhəmətli millətik və vətənimizin balalarının qanı axsın istəmirik. Amma torpaqlarımızı da geri istəyirik. Ona görə də Ermənistan bu murdar əməllərindən əl çəkməlidir. Birdəfəlik başa düşməlidir ki, İrəvan Azərbaycanın qədim ərazisidir və heç vaxt ermənilərin olmayıb. Allah onlara insaf versin, bizə də dözüm".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB