"Əvvəl-axır haqq-ədalət öz yerini tapacaq” - SORĞU

Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bəs görək Qərbi Azərbaycan sakinləri öz yurdları barədə nə düşünür. Yenidən doğma torpaqlarına qayıdacaqlarına ümid edirlərmi? SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycanlı Zahir Nəsibov: “Qərbi Azərbaycan hamımızın torpağı, hər birimizin vətənidir. Onun üçün mübarizə aparmaq lazımdırsa apararıq. Azərbaycan xalqı elə oğullar yetişdirməyib ki, müharibədən qorxsun. Doğrudur, bir qədər çətin ola bilər, amma heç nə mümkünsüz deyil. Əlbəttə ki, Qərbi Azərbaycana qayıdışın olacağına inanırıq. Biz Qarabağa qayıtdıqsa, ora da qayıdarıq”.

Qərbi Azərbaycanlı Aidə Xudaverdiyeva: “Təbii ki, hər kəs öz doğma yurdunda, böyüyüb boya-başa çatdığı torpaqlarda qocalmaq istəyər. Heyif ki, erməni caniləri bizim illərimizi əlimizdən alıblar. Nə uşaqlarımıza, nə də övladlarımıza kəndimizin gözəlliklərini göstərə bilməmişik. Biz, yəni Qərbi Azərbaycanın əsl sahibləri olmadan oralar Vətən sayılmaz. Əminik ki, geridönüşümüz yaxındır. Heç vaxt ümidimizi itirməmişdik. Bu il isə içimizdəki ümid daha da böyüyüb”.

Qərbi Azərbaycanlı İsgəndər Baxşəliyev: “Biz dədə-baba yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Şükür ki Qarabağ alındı və bizim də Qərbi Azərbaycana qayıdışa bir ümidimiz oldu. Dövlət başçısının yurdumuzla bağlı çağırışı da bunun üstünə bir ayrı bal-qaymaq oldu. Biz Prezidentimizə də, ordumuza da sonsuz güvənirik. Qayıdışın gerçəkləşəcəyinə də şübhəmiz yoxdur”.

Qərbi Azərbaycanlı Ülviyyə Cəfərova: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə biləcək gücə sahib bir dövlətdir. Bunu biz üç il bundan öncə II Qarabağ savaşında gördük və hər kəsə sübut etdik. Bizim üçün fərqi yoxdur. Ermənilər istər sülh, istərsə də müharibə yolu ilə torpaqlarımızı geri qaytaracaqlar. Çünki başqa çarələri yoxdur. Əvvəl-axır haqq-ədalət öz yerini tapacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə