"Ürəyimizdə illərin həsrətini daşıyırıq" - SORĞU

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Lakin ötən ilin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşündən sonra xalqımızın ürəyində bir ümid işığı alışdı. Bəs görək Qərbi Azərbaycan sakinləri qayıdış barədə nə düşünür. SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycanlı Müqəddəs Vəliyev: "Əlbəttə ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətini izləyirik. İcma tərəfindən xeyli işlər görülür. Düşünürəm ki, biz öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Əgər doğma yurdumuz Qərbi Azərbaycana qayıtmaq istəyiriksə, əlimizi daşın altına qoymalıyıq. Qərbi Azərbaycanın bizim əzəli torpaqlarımız olduğunu yalnız öz ölkəmizdə deyil, xarici ölkələr arasında da bildirməli, o yerlər barədə nə biliriksə, təbliğ etməliyik. Ümid edirik ki, məqsədimizə nail olacağıq".

Qərbi Azərbaycanlı Musa Bəşirov: "Hər kəsə öz doğma yurdu şirin gəlir. Mənə də Qərbi Azərbaycan torpaqları hər bölgədən daha gözəl, daha şirin, daha doğma gəlir. Ürəyimizdə illərin həsrətini daşıyırıq. Təbii ki, dədə-baba yurdumuza qayıtmağı arzu edirik. Biz sülh yolu ilə arzumuza çatmaq istəyirik. Çünki canımız çox yanıb. Erməni xisləti ucbatından çox igidlərimiz həlak olub. Artıq sülh və doğma torpaqlarımızı istəyirik".

Qərbi Azərbaycan sakini Raya Ağayeva: "Ermənilərin həmişə bizə qarşı olan nifrətini, alçaldıcı hərəkətlərini görərdik. Ermənilər camaatı məcbur edirdilər ki, öz istəkləri ilə evlərini dağıtsınlar. Çünki orada yaşayan türklərin, türk toponimlərinin izini itirmək istəyirdilər. Amma bugünkü gündə də o torpaqların azərbaycanlılara məxsus olduğunu təsdiqləyən sənədlər, faktlar mövcuddur. Gün gələcək, o torpaqların həqiqi sahibləri geri dönəcəklər. Hörmətli Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz, iradəmiz sayəsində o günün yaxın bir zamanda olacağına inanıram".

Qərbi Azərbaycan sakini Adil Şahəliyev: “Ermənilər gözəl yurdumuzu əlimizdən aldılar. Heç torpaqlarımızın, o cür gözəlliklərin dəyərini də bilmədilər. Yerimiz-yurdumuz indi boş qalıb. Biz ora qayıtsaq, hər yan canlanar. Doğma yurdumuz bizi gözləyir, biz də yurdumuzu. İnsan ancaq öz torpağında rahat nəfəs ala bilir. Mən də rahat nəfəs alacağım günlərin həsrətini çəkirəm”.

Qərbi Azərbaycan sakini Natiq Quliyev: “Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı çıxışı hər birimizin Vətən duyğusunu coşdurdu. Həsrətimizin sona çatacağı günü səbirsizliklə gözləyirik. Çünki bizim torpaqlarımız gözləməyə dəyəcək qədər gözəl idi. Oranın insanları da ayrı cür idi. Hamı bir-biri ilə doğma, mehriban idi. Kəndimizdəki insanlarla qan bağımız olmasa da, can bağımız olub. Doğrudur, heç kim o günlərimizi qaytara bilməz. Amma eybi yoxdur. Oranın havasını udmaq belə nəyə desəniz dəyər”.

Bütün xəbərlər Facebook səhifəmizdə