"İcmanın əsas məqsədi..." - DEPUTAT BİLDİRDİ

“Qərbi Azərbaycan İcması son dövrlərdə çox sürətli şəkildə beynəlxalq ictimaiyyətə inteqrasiya etməkdədir. Bir neçə gün öncə isə Avropa Şurası Parlament Assambleyasında həmkarım Kamal Cəfərovun qaldırmış olduğu 30 imza ilə təqdim olunan Qərbi Azərbaycan problemi və hüquqlarının müdafiəsi ilə bağlı məsələlər özlüyündə beynəlxalq terminologiya və diplomatik kuarlarda artıq qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, İcmanın əsas məqsədi hazırda Roma Papasına ünvanlanan məktubda vurğulandığı kimi, ilk etapda Qərbi Azərbaycanlıların öz torpaqlarını görə bilməsi və dədə-baba yurdlarına qayıtmasıdır: “İkinci etap isə Qərbi Azərbaycana Qayıdış Konsepsiyamızda qeyd olunduğu kimi, ləyaqətli və qısa müddətdə geridönüşün təmin olunması, təzminat və yaradılacaq şəraitlə bağlı tələblərimizin həyata keçirilməsi əsas məsələdir. Şübhəsiz ki, bütün bunları həyata keçirmək üçün bizim müzakirə apara biləcəyimiz partnyor Ermənistan hökumətidir. İcmanın Nikol Paşinyana ünvanlamış olduğu məktuba, nəhayət, cavab verilməsi və artıq danışıqlar masasına oturmağımız da hazırkı məqsədlərimiz sırasındadır. Bizim tərəfimizdən bu proseslər uğurlu şəkildə davam edir. Əlbəttə ki, maneələr var. Çünki dünya ikili standartlarla idarə olunur. Amma əminəm ki, biz qardaş Türkiyə və başqa ədaləti müdafiə edən ölkələrin dəstəyi ilə qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində bu məsələni həll edəcəyik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə