"Qarabağı geri qaytaran Azərbaycan xalqı İrəvanı da qaytarar" - SORĞU

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Lakin ötən ilin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşündən sonra xalqımızın ürəyində bir ümid işığı alışdı. Bəs görək Qərbi Azərbaycan sakinləri qayıdış barədə nə düşünür. SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Zahir Nəsibov: “Bizimkilər ermənilərin deportasiyasına məruz qalanda mən hələ uşaq idim. Həmin anları bir o qədər xatırlamıram. Amma təbii ki, hər mənim yaşda olan Qərbi azərbaycanlı kimi mən də valideynlərimin, nənə-babamın, qohum-əqrəbanın danışdıqlarından o yerlər haqqında çox şey öyrənmişik. Gözümüzlə görməsək də, eşitdiklərimizlə sanki dədə-baba yurdumuzu gəzmişik. Bəzən düşünürəm ki, görəsən, bu hadisələr olmasaydı, orada böyüyüb boya-başa çatsaydım, indi həyatımda hansı dəyişikliklər olardı. Amma artıq gecdir, heç nəyi geri qaytara bilmərik. Lakin hər birimiz istəyirik ki, torpaqlarımız düşmən tapdağından azad olunsun. Qarabağı geri qaytaran Azərbaycan xalqı İrəvanı da geri qaytarar. Heç kəsin buna şübhəsi yoxdur. Sadəcə bir qədər zaman lazımdır”.

Qərbi Azərbaycan sakini Fidan Həsənli: “Mən 6 yaşım olanda biz kəndimizdən çıxmışıq. Mən birinci sinifə orada getmişəm. Daha sonra Bakıya deportasiya olunduq. İlk başlarda bizim üçün çox çətin oldu. Amma get-gedə ayaq uydura bildik. Yenə də Vətənimizin yerini başqa heç hara verməz. Mən xarici ölkələrdə belə olmuşam. Amma uşaqlığımdan qalan xatirələrdən yola çıxaraq deyə bilərəm ki, Qərbi Azərbaycan qədər gözəl yer yoxdur”.

Qərbi Azərbaycan sakini Natiq Quliyev: “Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı çıxışı hər birimizin Vətən duyğusunu coşdurdu. Həsrətimizin sona çatacağı günü səbirsizliklə gözləyirik. Çünki bizim torpaqlarımız gözləməyə dəyəcək qədər gözəl idi. Oranın insanları da ayrı cür idi. Hamı bir-biri ilə doğma, mehriban idi. Kəndimizdəki insanlarla qan bağımız olmasa da, can bağımız olub. Doğrudur, heç kim o günlərimizi qaytara bilməz. Amma eybi yoxdur. Oranın havasını udmaq belə nəyə desəniz dəyər”.

Qərbi Azərbaycan sakini Aidə Xudaverdiyeva: "Anam və atam deportasiya zamanı Masisdən Sabirabada köçüblər. Valideynlərim oranın necə gözəl yer olduğundan danışırdılar. Deyirdilər ki, nə vaxt qayıtmaq şansımız olsa, bir saniyə belə düşünmərik. Mən də öz torpaqlarımızı fotolardan deyil, canlı görmək arzusundayam. Ümidimizi itirmirik. 35 ildir, düşmən tapdağında olan torpaqlarımızı geri qaytarmaq üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir".

Qərbi Azərbaycan sakini Əhməd Əliyev: “Əlbəttə ki, illərdir həsrətini çəkdiyim kəndimizə getmək istəyərəm. Amma elə hesab edirəm ki, orada yaşamağa tab gətirmərəm. Çünki vaxtilə o yerlərdə birgə yaşadığım neçə-neçə insan indi yoxdur. Ürəyim dözməz ki, mən onlar olmadan kəndimizdə rahat yaşayım. Hər birimizin arzusudur ki, öz torpaqlarımıza qovuşaq. Amma mənim kimi müəyyən bir yaşa çatmış insanlar üçün bir qədər çətin olar. İnanıram ki, həmyaşıdlarım məni başa düşər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə