"Bir dəfə oranı görsəydim, o cür gözəlliklərdən ayrı qala bilməzdim" - SORĞU

Prezident İlham Əliyev öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bu görüşdə Prezident Qərbi Azərbaycana qayıdışla bağlı çağırış edib. Eyni zamanda, İlham Əliyev ermənilərin bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edib. Bu məsələ ilə bağlı bir çox şəxslər münasibət bildirib. Bəs görək dədə-baba yurdları olan, amma heç vaxt Qərbi Azərbaycanı görməyən gənclərimiz o yerlər haqqında nə düşünür. SİA mövzu ilə bağlı Qərbi Azərbaycandan olan gənclər arasında sorğu keçirib.

Qərbi Azərbaycan gənci Nişanə Həsənzadə: “Bu gün respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin əzəmətli addım səsləri eşidilməsin. Dövlətin daim gənclərə, gənclərin də yaxşı bir dövlətə ehtiyacı var. Bizim də kifayət qədər uğurlu siyasət yeridən, güclü orduya malik, daim xalqını düşünən dövlətimiz və Prezidentimiz var. İnanırıq ki, Prezidentimizin uğurlu siyasəti və ordumuzun gücü sayəsində Qərbi Azərbaycana qayıdış təmin olunacaq. Biz də gənclər olaraq Qərbi Azərbaycanda da əzəmətli addımlarımızın səsini duyuracayıq”.

Qərbi Azərbaycan gənci Aqil İsmayılzadə: “Qərbi Azərbaycan ərazisi bizim qədim dədə-baba yurdumuzdur. Ermənistanın mənfur siyasəti nəticəsində xalqımız öz torpaqlarından didərgin düşmüşdür. Artıq 30 ildən artıqdır ki, biz bu torpaqlara həsrətik. Lakin bu torpaqlara qayıdacağımıza inanır, bir gün belə buna şübhə etmirik. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, biz Şərqi Zəngəzura qayıtmışıq və Şərqi Zəngəzur varsa, demək ki Qərbi Zəngəzurda vardır. Qərbi Zəngəzur, Göyçə mahalı, İrəvan şəhəri hamısı bizim qədim tarixi torpaqlarımızdır. Cənab Prezident böyük inamla qeyd edir ki, bir gün biz bu torpaqlara qayıdacağıq. Qərbi Azərbaycandan olan bir gənc olaraq mən də çox istəyərəm k, biz o torpaqlara qayıdaq və orada yaşayışı təmin edək”.

Qərbi Azərbaycan gənci Nəzakət Abbasova: “Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı çağırışından xəbər tutanda ilk öncə atam yadıma düşdü. Çünki o, kəndlərindən çox danışardı. Uşaq vaxtı başa düşmürdüm ki, burada evimiz-eşiyimiz, torpağımız olduğu halda atam niyə oraları arzulayır. Məni də Bakıdan ayırsalar, ürəyim öz torpağıma qayıtmaq istəyər. Qərbi Azərbaycanın elə qəşəng yerləri, kəndləri ola-ola kim oradan darıxmaz ki?! Mən də bir dəfə oranı görsəydim, o cür gözəlliklərdən ayrı qala bilməzdim. İnşallah doğma torpaqlarımıza qayıtmaq nəsib olar. Əgər oralara qayıtsaq inanıram ki, atamın da ruhu şad olar".

Qərbi Azərbaycan gənci Sahil Mövsümzadə: “Gənclər böyük qüvvədir. Azərbaycan gəncləri vətənpərvər olmaqla, millətinə, xalqına çox bağlıdır. Mən də dədə-baba yurdum olan Qərbi Azərbaycana bağlı bir gəncəm. Nolsun ki o torpaqlara addım belə atmamışam? Canım, qanım o yerlərə bağlıdır. Qərbi Azərbaycandan olan mənlə yaşıd və ya daha azyaşlı gənclər, yeniyetmələr də gedib o yerləri canlı görmək istəyir. Əgər elə bir imkan yaransa, mən də düşünmədən ailəmlə birgə gedib orada yaşamaq istəyərəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə