"İllər keçsə də, vətənimə sevgim bir qram belə azalmayıb" - SORĞU
Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Qərbi Azərbaycan torpaqlarından minlərlə azərbaycanlı deportasiya olunub. Soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. SİA Qərbi Azərbaycan sakinləri arasında sorğu keçirib.
Qərbi Azərbaycan sakini İsgəndər Baxşəliyev: "Biz kəndimizdən çıxanda ağır günlər keçirdik. Bakıya gec adaptasiya olduq. Bir anda həyatımız dəyişdi. Qaldığımız ev də, qonşuluq etdiyimiz insanlar da, hər səhər getdiyimiz iş də dəyişmişdi. O günləri geri qaytarmaq mümkün deyil. Amma yenə də qayıdıb yurdumu görmədən ölmək istəmirəm. Qərbi Azərbaycan hər birimizin vətənidir. Bugünkü gündə hər kəs Qərbi Azərbaycanlı olmalıdır. Yalnız həmrəy olmaq bizi qələbəyə apara bilər. Azərbaycan xalqı istəsə, yenidən dəmir yumruq kimi birləşə bilər".
Qərbi Azərbaycan sakini Raya Ağayeva: "Ermənilərin həmişə bizə qarşı olan nifrətini, alçaldıcı hərəkətlərini görərdik. Ermənilər camaatı məcbur edirdilər ki, öz istəkləri ilə evlərini dağıtsınlar. Çünki orada yaşayan türklərin, türk toponimlərinin izini itirmək istəyirdilər. Amma bugünkü gündə də o torpaqların azərbaycanlılara məxsus olduğunu təsdiqləyən sənədlər, faktlar mövcuddur. Gün gələcək, o torpaqların həqiqi sahibləri geri dönəcəklər. Hörmətli Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz, iradəmiz sayəsində o günün yaxın bir zamanda olacağına inanıram".
Qərbi Azərbaycan sakini Natiq Süleymanov: "Vətən.. Biz hal-hazırda burada yaşasaq da, orada doğulub böyümüşük. Ona görə də Qərbi Azərbaycan bizim üçün doğma vətəndir. Cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdış üçün çağırış etməsi bizim üçün çox böyük önəm daşıyır. Düşünürük ki, bir gün dədə-baba yurdumuzu yenidən görəcəyik. Arzum budur ki, tezliklə doğma yurdumuza qayıdaq. Nə qədər yer gəzmişəm, amma yenə də öz torpaqlarımız qədər gözəl, münbit, doğma deyil”.
Qərbi Azərbaycan sakini Adilə Qabulova: "İnsanlara elə gələ bilər ki, illərdir doğma yurdundan ayrı qaldıqda unudulur. Amma qətiyyən belə deyil. Vətənimə olan sevgim bir qram belə azalmayıb. Vətən ana deməkdir. İnsan necə anasından ayrı qalsa da, onu unutmaz, o şəkildə də öz yurdunu yaddan çıxarmaz. Onsuzda bizim yerləri bir dəfə belə görmək kifayət idi ki, oranın gözəlliyini öz yaddaşına həkk edəsən. İnşallah kəndimizə qayıtmaq nəsib olar. Məncə, bu qədər ayrılıq çoxdur. Dönmək vaxtı yetişib".
Qərbi Azərbaycan sakini Bəhmən Əliyev: "Əlbəttə ki, öz yerimizə-yurdumuza qayıtmaq istəyirik. İrəvan unudulacaq bir yer deyil. Doğrudur, bizdən sonra nə qədər dəyişsə də, yenə də havası, suyu, torpağı eynidir. İrəvan sənətkarlar yetişdirib. Ermənilər heç vaxt o torpaqların qədrini bilməyib. Özləri də yaxşı bilir ki, o torpaqlar Azərbaycana, bizə məxsusdur. Onlar üçün də ən yaxşısı razılıq yolu ilə o ərazini tərk etmələri və bizim doğma yurdumuza qayıtmağımızdır. Başqasının torpaqlarında qurulan dövlət heç vaxt uzun müddət ayaqda qala bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə