Qərbi Azərbaycana qayıdışa PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

İllərdir torpaq həsrəti ilə yaşamaq necə bir hisdir, bunu öz doğma torpağından didərgin düşən insanlardan daha yaxşı heç kim bilə bilməz. Qərbi Azərbaycan sakinləri həsrətlə öz dədə-baba yurdlarına dönəcəyi günü gözləyirlər. Tarixi qələbəmizdən sonra düşmənin təslim olması ilə Azərbaycanın diqtə edən tərəf olması və haqqını tələb etməsi Qərbi Azərbaycan sakinlərinin doğma yurdlarına qayıdacağı barədə ümidlərini artırıb. Bəs görək şəhər sakinləri Qərbi Azərbaycana qayıdış barədə nə düşünür. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Sərdar Orucov: “Qərbi Azərbaycan məsələsi artıq ötən il Prezident İlham Əliyevin çıxışından sonra gündəmə gəldi. Əgər ölkə başçısı xalq qarşısında ümid vəd edibsə, biz ona sonsuz güvənirik. Qarabağı aldığımız kimi Qərbi Azərbaycanı da geri qaytaracağıq. Çünki ədalət gec-tec öz yerini tapır”.

Şəhər sakini Aybəniz Hüseynova: “Qərbi Azərbaycan hamımızın torpağı, hər birimizin vətənidir. Onun üçün mübarizə aparmaq lazımdırsa apararıq. Azərbaycan xalqı elə oğullar yetişdirməyib ki, müharibədən qorxsun. Doğrudur, bir qədər çətin ola bilər, amma heç nə mümkünsüz deyil. Əlbəttə ki, Qərbi Azərbaycana qayıdışın olacağına inanırıq. Biz Qarabağa qayıtdıqsa, ora da qayıdarıq”.

Şəhər sakini Salman Əliyev: “Azərbaycan xalqı lazım olan anlarda bir yumruq kimi birləşməyi bacarır. Bunu 44 günlük müharibədə də gördük. Qərbi Azərbaycan məsələsində də birləşib əlimizdən gələni edəcəyik. Sülh yolu ilə torpaqlarımızı geri qaytarsalar əla olar. Amma inad edib məsələni müharibəyə qədər aparsalar da, biz hazırıq. Əminik ki, itirən tərəf Ermənistan olacaq”.

Şəhər sakini Məlahət Ağayeva: “Dövlət başçımız Qərbi Azərbaycana qayıdışla bağlı çağırış etdi və artıq bu məsələ ilə bağlı ciddi proseslərə başlandı. Bir Qərbi azərbaycanlı olaraq təbii ki, buna sevinirəm. Allah hər kəsə o yerlərə gedib görməyi qismət eləsin. Çünki sözlə izah olunacaq kimi bir yer deyildi. Mən indi yurdum barədə nə qədər danışsam, yenə də az qalar. Ali Baş Komandanımızın siyasi iradəsi və xalqımızın məğlubedilməz gücü sayəsində Qərbi Azərbaycan torpaqları öz sahibinə geri dönəcək. Sadəcə biraz səbr etməliyik”.

Şəhər sakini Müşfiq Əliyev: “Mən Şamaxı rayonundanam. Amma 44 günlük müharibədə Qarabağlı olduğum kimi, Qərbi Azərbaycana qayıdış məsələsi ortaya çıxan gündən etibarən o diyardanam. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Ermənistan nə qədər təxribatçı əməllərə əl atsa da, bizi dayandıra bilməz. Ağlı olsa, sülh yolu ilə tarixi torpaqlarımızı geri qaytarar. Biz də artıq şəhid verməyimizi, qan tökülməsini istəmirik. Amma əgər lazım olsa, Vətən uğrunda canımızı fəda etməyə hazırıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə