"Qərbi Azərbaycan gözləməyə dəyəcək qədər gözəldir" - SORĞU

Azərbaycan xalqı ötən yüzillikdə dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalıb. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib.

Ali Baş Komandan cənab İlham Əliyevin ötən ilin dekabrın 24-də bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşündən sonra isə o torpaqların keçmiş sakinlərinin qayıdışı üçün ümid yarandı. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinləri arasında sorğu keçirib.

Qərbi Azərbaycan sakini Fidel Əhmədov: “Qarabağı geri aldıqda içimizdə bir ümid yarandı ki, bizim də torpaqlarımız geri qayıda bilər. Çox şükür ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il öz doğum günündə Qərbi Azərbaycana qayıdış üçün çağırış etdi. Ümidlərimizin boşa çıxmayacağına inanıram. Azərbaycanın belə güclü dövlət başçısı, ordusu və iradəli xalqı olduğu müddətcə biz hər şeyə nail ola bilərik. Elə gözəl yerlərimiz var idi ki, ora qayıtmaq üçün səbirsizlənməmək insanın əlində deyil”.

Qərbi Azərbaycan sakini Ülviyyə Cəfərova: “Ata yurdum üçün burnumun ucu göynəyir. Heç bir yer öz yurdumuza çatmaz. Təbiəti, suyu, havası bambaşqa idi. Allahın izni ilə tezliklə qayıdışımız həyata keçər. Əlbəttə ki, bizim buna inamımız tamdır”.

Qərbi Azərbaycan sakini Emin Yusifov: “Azərbaycanın hər yeri gözəldir, amma bizim rayonumuz, kəndimiz tamam başqaydı. Arzu edirəm ki, torpaqlarımız geri qayıtsın və hər kəs o gözəlliklərin şahidi olsun. Vətən dərdi çox ağırdır”.

Qərbi Azərbaycan sakini Fidan Həsənli: “Mən 6 yaşım olanda biz kəndimizdən çıxmışıq. Mən I sinfə orada getmişəm. Daha sonra Bakıya deportasiya olunduq. İlk başlarda bizim üçün çox çətin oldu. Amma get-gedə ayaq uydura bildik. Yenə də Vətənimizin yerini başqa heç hara verməz. Mən xarici ölkələrdə belə olmuşam. Amma uşaqlığımdan qalan xatirələrdən yola çıxaraq deyə bilərəm ki, Qərbi Azərbaycan qədər gözəl yer yoxdur”.

Qərbi Azərbaycan sakini Natiq Quliyev: “Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı çıxışı hər birimizin Vətən duyğusunu coşdurdu. Həsrətimizin sona çatacağı günü səbirsizliklə gözləyirik. Çünki bizim torpaqlarımız gözləməyə dəyəcək qədər gözəl idi. Oranın insanları da ayrı cür idi. Hamı bir-biri ilə doğma, mehriban idi. Kəndimizdəki insanlarla qan bağımız olmasa da, can bağımız olub. Doğrudur, heç kim o günlərimizi qaytara bilməz. Amma eybi yoxdur. Oranın havasını udmaq belə nəyə desəniz dəyər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə