Qərbi Azərbaycanlıların ermənilərlə birgə yaşayışa münasibəti - SORĞU

Prezident İlham Əliyev öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bu görüşdə Prezident Qərbi Azərbaycana qayıdışla bağlı çağırış edib. Eyni zamanda, İlham Əliyev ermənilərin bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edib. Bəs görək dədə-baba yurdları Qərbi Azərbaycan olan insanlar ermənilərlə birgə yaşayış barədə nə düşünürlər. SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Nargilə Səfərova: "Mən neçə ildir vətənindən ayrı qalan biri kimi düşünürəm ki, ermənilərlə birgə yaşamaq alınan iş deyil. Biz o qədər vəhşilik, dərd-bəla görmüşük ki, çətin onları unudaq. Mən öz yurduma qayıtmaq istəyirəm, amma orada elə öz yurdumun insanları ilə yaşamaq şərtilə. Düşmən illər keçsə də, düşməndir. Onlarla birgə yaşayış ürəyimizcə olmayacaq".

Qərbi Azərbaycan sakini Rauf İsgəndərov: "Ermənilər elə namərd millətdir ki, onlardan hər şeyi gözləmək olar. Biz onlara vaxtilə yaxşılıq edib yer-yurd vermişik. Amma onlar qədir-qiymət bilməyib. Bundan pis yöndə istifadə ediblər. Onlara yaxşılıq yaramır. Qərbi Azərbaycanımızı geri istəyirik. Amma doğma torpaqlarımızda Ermənistanın heç bir izini görmək istəmirik, necə ki onlar bizim izlərimizi yox etməyə çalışıblar".

Qərbi Azərbaycan sakini Göyçək Kərimova: "Qərbi Azərbaycan elə bir bölgədir ki, o yerlərdən ayrı qalmaq ağır dərddir. Elə gözəl yerlərimiz var idi ki, insanın gözü önündən getmir. Mənfur düşmənlər bizi öz yuvalarımızdan didərgin saldılar. Onlara bel bağlamaq olmaz. İnanmıram ki, bundan sonra erməni xisləti dəyişər. Onlar nəinki qonşuluğu, heç düşmənçiliyi belə bacarmır".

Qərbi Azərbaycan sakini Bəşir Əhmədov: "Öz ata yurduma həsrət qalmaq o qədər çətin gəlir ki, sırf ora qayıtmaq üçün erməni kimi bir millətlə bir yerdə yaşamağa belə razı olaram. Təki öz kəndimizə, evimizə, uşaqlığıma geri dönüm. Əminəm ki, qayıdacağıq. Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə göstərişlər verib. Bu yöndə mühüm addımlar atılır. Allahın izni ilə daha da irəli gedərək torpaqlarımıza qayıdışı təmin edəcəyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə