"Gözüm hər yerdə öz kəndimizin adamlarını axtarır" - SORĞU

İllərdir ki, ermənilərin ələ keçirdiyi Qərbi Azərbaycan dövlətimizin tarixi torpaqlarıdır. Bunu tarixi faktlar, sənədlər sübut edir. Qərbi Azərbaycan öz gözəlliyi, təbiəti ilə fərqlənən bir bölgəmiz olub. İndi də o torpaqlardan olan vətəndaşlarımız doğma yurdları barədə ağız dolusu danışırlar. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinləri arasında sorğu keçirib.

Qərbi Azərbaycan sakini Natiq Süleymanov: "Doğma yurdum olan Qərbi Azərbaycana qayıdacağımıza ümidimi heç vaxt itirməmişəm. Bilirəm ki, nə vaxtsa yenə kəndimizin havasını içimə çəkəcəm. O gün qismət olanda ilk gedəcəyim yer oxuduğum məktəb olacaq. Məktəbimizdən ötrü çox darıxmışam. Elə bil bütün uşaqlığım o məktəbdə qalıb. Ona görə də bu qayıdışı səbrsizliklə gözləyirəm".

Qərbi Azərbaycan sakini Vaqif Həsənov: "Mənim 14 yaşım olanda biz Göyçədən çıxmışıq. Amma ömrümün elə ən gözəl günlərini də o yaşıma qədər yaşamışam. Nə görmüşəmsə, kəndimizdə görmüşəm. Bəlkə insanlara mübaliğə kimi gələcək, amma heç bir yerdə elə hava yoxdu. Bizim insanlarımız belə fərqliydi. İndi görürəm ki, insanlarda o səmimiyyət yoxdur. Bizim kənddə insanlar bir-birini tanımasalar belə salamlaşırdılar. Gözüm hər yerdə elə öz kəndimizin adamlarını axtarır".

Qərbi Azərbaycan sakini Bəxtiyar Hüseynov: "Biz Qərbi Azərbaycandan deportasiya olunanda mən hələ uşaq idim. Ona görə də demək olar ki, heç nə yaddaşımda qalmayıb. Qismət olsun dədə-baba torpaqlarımıza qayıdacağımız günləri görək. Çünki həqiqətən o yerləri çox görmək istəyirəm. Əminəm ki, deyildiyi qədər gözəl yerlərdir. Çox eşitmişəm, canlı şahidi də olmaq istəyərəm. Yaxşı deyiblər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır".

Qərbi Azərbaycan sakini Şahmar Əliyev: "Azərbaycanın hər qarışı gözəl olsa da, elə bilirəm ki, bizim elimizə çatan yer olmaz. Hər şey özünəməxsus idi. İndi öz kəndimizə, öz evimizə gedə bilməmək ürəyimi ağrıdır. Ermənistan bizim xoş üzümüzdən istifadə etdi. Biz onlara yer-yurd verdik, amma onlar yerimizi-yurdumuzu əlimizdən aldılar. Amma hər kəs bilir ki, o torpaqların əsl sahibi kimdir. Əlbəttə ki, əsl sahiblər tezliklə geri dönəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə