"Həqiqətləri dünyaya çatdırmaqda gənclərimiz fəal olmalıdır" - SƏDR DANIŞDI

"Bizim üçün ləyaqətli qayıdış əsas məsələdir. Bildiyiniz kimi, sonuncu deportasiya zaman azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qovulub. Bizim qəbul etdiyimiz Qayıdış Konsepsiyasında soydaşlarımızın mülkiyyət hüququ və o ərazilərdəki tarixi adların bərpası məsələsi önə çəkilib". SİA xəbər verir ki, bu sözləri “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında könüllülərin fəaliyyətinin təşviq edilməsi” adlı tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O bildirib ki, son 35 ildə Qərbi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından sonra bütün infrastruktur dağıdılıb: "Əhali ora qayıdandan sonra onların iqtisadi,mədəni və sosial həyatında normal şərait yaradılmalıdır. Geri qayıtdıqda onlar özlərini normal vətəndaş kimi hiss etməlidir. Bu bizim Qayıdış Konsepsiyamızın əsas prinsipləri idi. Amma biz həqiqətləri həmin mərhələyə qədər dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu həqiqətləri çatdırmadan bizim həmin ərazilərə dinc yolla qayıdışımızda maneələr yaranacaq. 35 il torpaqlarımız işğal altında qaldı. Amma beynəlxalq təşkilatlar və dövlətlər bunu görməzdən gəldilər. Belə bir vəziyyətlə qarşı-qarşıya olduğumuz üçün tarixi həqiqətləri dünyaya zamanında çatdırmalıyıq. Bu da bir nəfərin deyil, bütün millətin məsələsidir. Hər kəs öz çalışdığı sahədə bu məsələ üçün əlindən gələni etməlidir. Xüsusilə, Qərbi Azərbaycana qayıdış prosesində bir nəsil yetişdirməliyik. Heç şübhəsiz ki, bu baxımdan gənclərimizin üzərinə böyük vəzifə düşür. Ona görə də könüllülərlə birgə daha çox belə tədbirlərin təşkilinə ehtiyac var. Hər bir gənc oxuduğu təhsil müəssisələrində, işlədiyi yerlərdə Qərbi Azərbaycan həqiqətlərini təbliğ etməlidir. Bunun üçün gənclərimiz Qərbi Azərbaycan İcmansının imkanlarından istənilən vaxt istifadə edə bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə