"Qərbi Azərbaycana qayıdış mütləq olacaq" - MÜSAHİBƏ

Qərbi Azərbaycan sakini Teyyub Əzizovun SİA-ya müsahibəsini təqdim edirik:

- Teyyub bəy, Qərbi Azərbaycanın hansı bölgəsindənsiniz və kəndiniz haqqında nə deyə bilərsiniz?

- 1951-ci il may ayının 5-də Zəngibasar rayonunda doğulmuşam. 37 il orada yaşadım. 1988-ci ildə doğma torpaqlarımızdan hamımızı çıxartdılar. Uşaqlığım orada keçib. Ali təhsilimi Gəncədə aldıqdan sonra Qərbi Azərbaycanda 22 il müəllim vəzifəsində çalışdım. Çox yaxşı günlərimiz keçib. Elə bil ki, cənnətdə yaşayırdıq. Kəndimizin suyu, torpağı başqa cür idi, çox gözəl təbiəti var idi.

- Bakıya neçənci ildə və hansı şəraitdə köçmüsünüz?

- Biz 1988-ci il avqustun 24-də Bakıya gəldik. Kəndimizdən çox pis şəraitdə çıxmışıq. Demək olar ki, bütün əmlakımız orada qaldı. Çox çətinliklə oradakı evimizi Günəşli ərazisində yerləşən mənzil ilə dəyişdim. O zamanlar bizim Bakıya gəlməyimizə embarqo qoymuşdular. Onlar bizi yola vermədilər və bütün əhali kəndi tərk etdi.1988-ci il oktyabrın 2-nə kimi kənddə bir adam qalmadı.

- Deportasiya prosesindən öncə ermənilərin sizə qarşı münasibəti necə idi?

- 1988-ci il fevralın 23-də mitinqlər başladı. Mitinqlər başladıqdan sonra bizi heç şəhərə çıxmağa da qoymadılar. Sanki bütün şəhəri blokadaya almışdılar. Əmlakımız, varımız-dövlətimiz hər şey qaldı. Öz əmlakımızı satmağa belə imkan vermirdilər.

Əvvəlcə bizim kəndimizdə 14 ev erməni var idi. Onlar bizim qorxumuzdan dillənə bilmirdilər. Elə ki çoxaldılar, bizə qarşı təzyiqlər artmağa başladı, hətta bunun nəticəsində ölənlər də oldu. Ermənilər demək olar ki, vəhşiləşmişdilər. Son 3-4 ay ərzində bizə olmazın əziyyətlər verdilər.

- 37 ildən sonra Bakıya köçəndə bura necə adaptasiya oldunuz?

- Bakıya gələndə buranın ab-havası demək olar ki, bizə düşmədi. Çünki Qərbi Azərbaycandan gələn yaşlılar çox idi. Yaşlılar buranın havasına dözmədi. 2-3 ilin içində bizim kənddən təxminən 100-ə yaxın sakin həyatını itirdi. Amasya tərəf dağlıq olduğu üçün oradan gələnlər buradakı istiyə dözə bilmədi. Bizim kəndimiz isə İrəvana yaxın idi və oranın ab-havası ilə buranınkı uyğun gəlirdi. Amma yenə də yer dəyişməyimiz hamımıza pis təsir etmişdi.

- Qərbi Azərbaycan İcmasının fəaliyyətini necə dəyərləndirirsiniz?

- Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çox fəal çalışır. Onun ətrafında ziyalı insanlar toplaşıb. Sanki bütün Qərbi Azərbaycan o icmadadır. Özü də çox savadlı biridir. İcmada da Qərbi Azərbaycana qayıdışla bağlı mühüm işlər görülməkdədir.

Ermənilərin orada qalması müvəqqətidir. Bizim əhali ora köçsə, torpaqlarımız canlanar. Ona görə də Qərbi Azərbaycana qayıdış mütləq olacaq. Əminəm ki, yeni nəsil gedib o torpaqları görsə, birdə geri qayıtmaq istəməyəcək.

- Əgər qayıdış mümkün olsa, kəndinizdə ilk gedəcəyiniz yer hara olardı?

- Zəngibasar rayonunda Ağa Dədə adlı bir ocaq var idi. İndi ermənilərin oranı dağıdıb-dağıtmadığını bilmirəm. Ora böyük ziyarətgah idi. Həmin ziyarətgahda nə qədər müəllimlərimiz, alimlərimiz dəfn olunub. Əgər qayıtsam, ilk öncə o ocağa gedərdim, daha sonra isə kəndimi görməyə gedərdim.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə