"Biz Qərbi Azərbaycanlıların hüquqlarının bərpasını reallaşdıra bilərik" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qərbi Azərbaycan İcmasının qaldırdığı bir çox problemlər var ki, artıq o beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılıb. Xüsusilə də Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycanlıların didərgin düşməsi və doğulub boya-başa çatdıqları torpaqlarda yaşaya bilməmələrindən artıq xəbərdardır". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcmasının son dövrlərdə fəaliyyətindəki canlanma onu deməyə imkan verir ki, biz Qərbi Azərbaycanlıların hüquqlarının müdafiə edilməsi və onların dədə-baba torpaqlarına qayıtması məsələsini reallaşdıra bilərik: "Hazırda qarşımızda duran ən əsas məsələlərdən biri də Qərbi Azərbaycan vətəndaşlarının qaçqınlıq statusunun beynəlxalq səviyyədə tanınması, daha sonra isə yekun və dəqiq statistikasını apararaq beynəlxalq təşkilatlara çatdırılmasıdır. Bir sözlə, Qərbi Azərbaycandan olan soydaşlarımızın qaçqın statusunun təkcə Azərbaycan qanunları çərçivəsində deyil, həm də beynəlxalq qanunvericilik çərçivəsində tanınması, onlara beynəlxalq qaçqın statusunun verilməsinə nail olmaq prioritet məsələlərdəndir. Düşünürəm ki, Qayıdış Konsepsiyasında bu məsələ ilə bağlı ətraflı və dolğun qeydlər var".

Deputat sözlərinə davam edərək bildirib ki, Qayıdış Konsepsiyasını əsas tutaraq biz bu problemlərin həllini reallaşdıra biləcəyik: "Hesab edirəm ki, yalnız 1988-ci ildə Qərbi Azərbaycandan didərgin düşmüş həmyerlilərimiz deyil, həm də 1948-53-cü illərdə də qaçqın düşmüş olanlar və ya onların övladları, nəvələri də bu statusdan istifadə etmək hüquqları olacaqdır. Bununla yanaşı, biz mütləq Qərbi Azərbaycan tarixinin yeni nəsillərə çatdırılması, toponimlərinin öyrənilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını da diqqətdə saxlamalı və bu sahədə də mühüm işlər görməliyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə