“Boeing” konserni 737 MAX laynerlərinin proqram təminatında iki yeni problem aşkarlayıb

Amerikanın “Boeing” konserni 737 MAX laynerlərinin proqram təminatında iki yeni problem aşkarlayıb.

SİA "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, nasazlıqlar uçuş idarəetməsi sisteminə aiddir və təyyarələrin 2020-ci ilin ortalarına qədər istifadəyə qaytarılması vaxtına təsir etməyəcək.

Xatırladaq ki, Efiopiya və İndoneziyada baş verən iki aviasiya qəzasından sonra bütün dünyada “Boeing 737-MAX 8” təyyarələrinin uçuşları dayandırılıb. 2019-cu il martın 10-da “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması 181 sərnişin və 8 ekipaj üzvünün ölümü ilə nəticələnmişdi.

Aşkar edilən yeni problemlərdən biri mikroprosessorun müvafiq komanda olmadan təyyarəni hündürlük yığmağa və ya itirməyə məcbur edən “hipotetik səhvi” ilə bağlıdır. Hər iki qəza zamanı 737 MAX-ın təhlükəsizlik sistemi təyyarələrin avtomatik hündürlük itirməsinə gətirib çıxarıb.

Daha bir nasazlıq isə təyyarənin enişə hazırlığı əsnasında avtopilot rejiminin söndürülməsinə səbəb ola bilər. Yeni problemlərin heç biri uçuş zamanı müşahidə edilməyib, lakin proqram təminatına edilən düzəlişlər onların yaranmasının qarşısını almağa imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...