Bu da dünyanın ən böyük radioteleskopu

Çində dünyanın ən böyük və ən həssas radioteleskopu olan FAST ((The Five hundred meter Aperture Spherical Telescope) rəsmi olaraq istifadəyə verilib. SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, Çinin cənub-qərbindəki Quycou vilayətində dağlıq ərazidə yerləşən teleskop rəmzi olaraq "Çinin səmavi gözü" adlanır. Teleskopun diametri 500 metr, qurğunun perimetri isə 1,6 kilometrdir. Onun səthi təxminən 30 futbol meydançasının ümumi sahəsinə bərabərdir. Tikintisinə 2011-ci ildə başlanılan layihənin icrasına 185 milyon Amerika dolları sərf edilib. Dünyanın ən sürətli kompyuterlərindən olan "Sky Eye 1" ilə əlaqələndirilən "Çinin səmavi gözü" planetin ikinci böyük teleskopundan təxminən 2,5 dəfə daha çox həssasdır və saniyədə 38 gigabayt informasiya qəbul etmək iqtidarındadır. Radioteleskopdan yalnız çinli mütəxəssislər deyil, bütün dünyanın alimləri istifadə edə biləcək. Qeyd edək ki, teleskopun inşası üçün onun yerləşdiyi ərazidən 5 kilometr radiusda yaşayan sakinlər başqa yerlərə köçürülüblər. Teleskopun 10 kilometr radiusunda isə tikintiyə qadağa qoyulub. 2016-cı ilin sentyabrında tam hazır olan radioteleskop o vaxtdan bəri sınaq üçün alim və mütəxəssislərin ixtiyarına verilib. Yerli alimlər ümid edir ki, radioteleskop pulsarlar (elektromaqnitik radiasiya şüası yayan yüksək maqnitləşmiş böyük sürətlə dönən neytron ulduzu) haqqında fiziki amillər də daxil olmaqla, əsas elmi məsələlərin həllində vacib rol oynayacaq. Bundan başqa, teleskopun Çinin radioastronomik texnologiyalarının inkişafında əhəmiyyətli rol oynayacağı güman olunur. Alimlər son iki ildəki sınaq dövründə radioteleskopun köməyi ilə 102 yeni pulsar aşkar ediblər ki, bu da eyni dövrdə Avropada və Amerika Birləşmiş Ştatlarda tədqiqat qrupları tərəfindən aşkar edilən pulsarların ümumi sayından çoxdur. Cihaz həmçinin pulsarların sinxronlaşdırılmasını 50 dəfədən çox dəqiqləşdirməyə imkan yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...