“Bakutel 2019” çərçivəsində “Bizimkilər” sessiyası təşkil olunub

Bakı Ekspo Mərkəzində açılan “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində ilk dəfə keçirilən “Bakutel Tech Talks” layihəsi üzrə dekabrın 5-də “Bizimkilər” sessiyası təşkil edilib. SİA xəbər verir ki, ADA Universitetinin dekanı Araz Yusubov IT sahəsində uğurlu karyera qurmaq üçün motivasiya rolunu oynayan sessiyanın əhəmiyyətindən danışıb.

Sessiyada proqram təminatı üzrə baş mühəndis Vüsal Dadalov "Genişmiqyaslı paylanmış sistemlər" mövzusunda geniş məruzə edib. Digər moderatorlar - Pərvin Sadıqovanın "Kibertəhlükəsizliyin vacibliyi, çətinliklər və imkanlar" və Adil Əliyevin “Amazon SageMaker” ilə süni intellekt” mövzularında təqdimatları da maraqla qarşılanıb.

Daha sonra "Elcore AG" şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə baş meneceri Sərxan Həşimovun iştirakı ilə "İKT sahəsində qadınlar" mövzusu ilə bağlı sessiya təşkil olunub. S.Həşimov müasir dünyada STEM (Science, Technology, Engineering and Mathematics) məhsulunun üstünlükləri barədə məlumat verib.

Moderator P.Sadıqova isə İKT sahəsində çalışan qadınların sayca az olduğunu deyib və bunun səbəbləri barədə danışıb.

Sessiya iştirakçıları, həmçinin "Bərabərliyin iki tərəfi var", "Rəqəmsal transformasiya" və digər mövzularda maraqlı məruzələri dinləyib, slaydlara baxıblar.

“Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq IT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...