“Azəryol” komandası yeni mövsümdə hazırlığa start verib - FOTOLAR

“Azəryol” komandası yeni mövsümdə hazırlığa start verib - FOTOLAR

Həndbol üzrə Azərbaycan çempionu “Azəryol” komandası yeni mövsümə hazırlığa start verib. “AHF Arena” idman kompleksndə keçirilən məşq prosesinə 14 idmançı cəlb edilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fiziki və taktiki hazırlıqlarının artırılması üzərində işləyən kollektiv Çingiz Əzimovun rəhbərliyi ilə həftədə beş dəfə olmaqla, məşqlərə qatılır. Həm növbəti ölkə çempionatında, həm də Avropa kuboku yarışlarında uğurla çıxış edəcəyinə ümid bəsləyən həndbolçularımız gərgin məşq edirlər.

Yeri gəlmişkən, qadın həndbolçuların Avropa Həndbol Federasiyası (EHF) kuboku turniri davam edir. “Azəryol” qitəmiqyaslı yarışda mübarizəyə ikinci təsnifat mərhələsindən qatılacaq. Komandamız püşkatmanın nəticəsinə görə Avstriyanın “Roomz Jags” klubu ilə üz-üzə gələcək. Razılaşmaya əsasən ilk qarşılaşma oktyabrın 8-də Avstriyanın Viner Noyştadt şəhərində olacaq. Rəqiblər ertəsi gün cavab matçına da, sözügedən şəhərin “Roomz Arena” idman kompleksində çıxacaqlar. İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda yarışın üçüncü təsnifat mərhələsinə yüksələcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə