Bu gün Bakı Şəhər Halqası mətbuat konfransı keçirib - TƏDBİR - FOTOLAR
Bu gün Bakı Şəhər Halqası media nümayəndələri üçün mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı Şəhər Halqası əməliyyat şirkətinin Marketinq və Kommunikasiyalar Şöbəsinin rəhbəri Nigar Arpadarai, Bakı Şəhər Kartinq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva, Bakı Şəhər Kartinq Mərkəzinin rəhbəri Cəmil Tağıyev, Gənc Kartinq Pilotu Cəmil Həsənli və digər qonaqlar iştirak ediblər.
Konfransda çıxış edən N.Arpadarai bildirib ki, biz artıq 5 ildir "Formula1" yarışlarını keçiririk: “Hər zaman bizə suallar ünvanlanır ki, ümumiyyətlə, Azərbaycanın pilotu ola bilərmi? Azərbaycanda gənc istedadlı pilotlar varmı və bu sahənin inkişafı kontekstində nələri görürsünüz? Mənim fikrimcə bu sahədə görülən ən önəmli işlərdən biri məhz Bakı Şəhər Kartinq Mərkəzidir və artıq 2 ilə yaxındır ki, Bakıda Kartinq məktəbi fəaliyyət göstərir”.
Daha sonra çıxış edən Bakı Şəhər Kartinq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva bildirib ki, artıq hər kəsə məlumdur ki, Su İdmanı Sarayı multifunksional idman kompleksidir: “Biz hər zaman ölkəmizin idman həyatında aktiv iştirak etməyə çalışırıq. 2 il öncə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin və Avtomobil Federasiyasının dəstəyi ilə Bakı Kartinq Mərkəzi yaradılıb. Geridə qoyduğumuz 2 il ərzində biz böyük nəaliyyətlər qazanmışıq. Mərkəzin yaradıldığı ilk dövrlərdə qonaqlarımız ancaq 6 və 9 at gücünə malik kartlardan istifadə edirdilərsə, artıq 9, 13, 24 və 28 at gücünə malik kartlardan istifadə etmək imkanları var. Bu o deməkdir ki, gələn qonaqların müəyyən nailiyyətlər əldə etmək imkanı var. Çünki bu kartlardan istifadə ancaq peşəkarlıq tələb edir və daha sonra qərara gəldik ki, Bakı Kartinq Məktəbini təsis edək. Bu gün bizim 20-dən çox tələbəmiz var və artıq biz əminliklə deyə bilərik ki, ölkəmizi avtomobil idman yarışlarında təmsil edəcək yerli pilotları hazırlayırıq".
Gələcək planlardan söz açan Bakı Şəhər Kartinq Mərkəzinin rəhbəri Cəmil Tağıyev bildirib ki, bu 2 il ərzində biz həm uşaqlar, həm də böyüklər üçün dəfələrlə çempionatlar keçirmişik: “Gələn ildən etibarən beynəlxalq yarışlar keçiriləcək. “SODİ KARTS”-ın keçirdiyi yarışlarda iştirak etmək üçün SODİ-nin rəsmi saytına müraciət edə bilərlər. Qeyd etmək istəyərdim ki, digər ölkələr də bu çempionatları keçirir. Bu çempionat 1 il ərzində keçiriləcək və hər yarışdan sonra pilotlar qazanacağı xallar SODİ-nin rəsmi səhifəsində də əks olunacaq və bütün dünya bu yarışların nəticələrini görə biləcək. Sonda nəticələrə uyğun olaraq pilotlardan qalib təyin olunacaq və digər ölkələrin qalibləri ilə final yarışlarında iştirak edə biləcək. Final yarışları İtaliyada, Fransada və Dubayda keçiriləcək. Əgər pilotlarımız bu ölkələrdə də qalib gəlsə dünya çempionu ola biləcəklər”.
Böyük Britaniyada keçirilən avtoidman sahəsində nəaliyyətlər qazanmış 14 yaşlı Cəmil Həsənli özü barəsində məlumat verərkən bildirib ki, hazırda kartinq sürücüsüyəm, 8 yaşımdan kartinqlə məşğulam, 12 yaşımdan bəri Böyük Britaniyada çempionatlarda iştirak edirəm: “İnkişafım üçün öz üzərimdə daim çalışıram. Hədəfim azərbaycanlı "Formula1" pilotu adına layiq görülmək və bütün dünyada qabaqcıl Formula1 pilotları sırasında olmaqdır. Bu hədəflərə çatmaq üçün vəsait tələb olunur. Bu vəsaitlər hesabına hədəflərimə çatmağım daha da əlçatan olacaqdır”.
Sonda konfrans jurnalistlərin suallarının cavablandırılması ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə