Göyçay Olimpiya-İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yeni bölməsi açılıb. SİA-nın məlumatına görə, bu münasibətlə keçirilmiş mərasimdə AGF-nin baş katibi Fərid Qayıbov çıxış edərək son illər ölkəmizdə gimnastika üzrə mötəbər yarışların keçirilməsindən, milli yığma komandamızın dünya və Avropa çempionatlarında əldə etdiyi uğurlardan söz açıb.
Federasiyanın gördüyü işlərdən bəhs edən Fərid Qayıbov bildirib ki, paytaxtla yanaşı, regionlarda da idmanın gimnastika növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yetişdirilməsi, təlim-məşq toplanışlarının keçirilməsi, bacarıqlı gimnastların müəyyən edilərək yığma komandaya cəlb olunması istiqamətində tədbirlər görülür. Onun sözlərinə görə, bu günədək AGF-nin Sumqayıt, Gəncə, Xırdalan və Göyçayda yeni bölmələri açılıb.
Göyçay Olimpiya-İdman Kompleksinin direktoru Həsən Bayramlı rayonda bədii gimnastikanın təbliği istiqamətində mühüm işlərin görüldüyünü bildirib. O vurğulayıb ki, Göyçayda gimnastika bölməsinin yaradılması ilə bağlı rayon mərkəzində və kəndlərdə elan lövhələri asılıb, valideynlərlə fərdi söhbətlər aparılıb. Nəticədə qısa müddətdə kompleksin 5-14 yaşlı qızlardan ibarət yığma komandası yaradılıb.
Natiq bildirib ki, AGF-nin tanınmış gimnastı Esmira Orucova komandaya məşqçi təyin eedilib. Artıq 25 uşaq və yeniyetmə qızın məşqlərə cəlb olunduğunu bildirən Həsən Bayramlı məşqlərin pulsuz keçirildiyini diqqətə çatdırıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov Göyçayda gimnastika bölməsinin açılmasına dəstək verdiyinə görə Heydər Əliyev Fondunun prezidenti, AGF-nin prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya göyçaylılar adından minnətdarlıq edib. Ramiz İbrahimov rayonda bədii gimnastikanın inkişaf edəcəyinə və gələcəkdə Göyçay yığma komandasının bu idman növündə uğurlar qazanacağına əminliyini qeyd edib.
Gimnastika bölməsinin rəsmi açılışı münasibətilə Azərbaycanın dövlət himni və olimpiya himni səsləndirilib.
AGF-nin baş katibi Fərid Qayıbov federasiyanın bayrağını təntənəli şəkildə kompleksin rəhbəri Həsən Bayramlıya təqdim edib.
Tədbirin rəsmi hissəsindən sonra gimnastika üzrə Azərbaycan milli yığma komandasının qala-konserti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB