Tahir Gözəl: "Avropada danışıq apardığımız oyunçular var" MÜSAHİBƏ
“Qarabağ” Topaz Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib. SİA-nın məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi. Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. Ümid edirəm ki, yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.
- Demək olarmı meydanda ancaq “Qarabağ” var idi?
- Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.
- “Qarabağ” bütün diqqətini “Kopenhagen”lə Bakıdakı oyuna yönəldib. Yəqin ki, məqsəd qol buraxmadan qələbə qazanmaq olacaq...
- Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.
- “Qarabağ” ən azı qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?
- Söz-söhbət gedir. Ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.
- Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?
- Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın yüksək keyfiyyətləri ilə seçilən legionerləri olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.
- Kintananın zədə alması həmin transferi sürətləndirəcək?
- Xeyr. Bununla əlaqəsi yoxdu.
- Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev dünya çempionu oldu. Bu barədə fikirləriniz necədir?
- Böyük uğurdür. Azərbaycanı, Qarabağı, Türkiyəni dünyaya tanıdan hər kəsə biz ancaq təşəkkür edirik. Ramili təbrik edirəm.
- Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?
- “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamana ehtiyacları var. Mən daha güclü “Neftçi”ni qarşımızda görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB