Kiçik yaşlı yeniyetmələr arasında komanda yarışları keçiriləcək

Noyabrın 12-13-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin Olimpiyaçıları" adlı komanda yarışları keçiriləcək. SİA-nın məlumatına görə, yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.
Komanda xarakterli yarışlar Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 29, 32, 35, 38, 42, 47, 53, 59, 66 və 73 kq çəki dərəcələrində keçiriləcək.

Turnirdə 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən "Xosrov Cəfərov", "Azəri", "Müşviqabad", "Nardaran", "Həyat", "Xəzri" klubları sərbəst güləş, "Cəngi", "Pirallahı", "Hövsan", "Bakı", "Həyat", "Xosrov Cəfərov" və "Olimp" güləş klubları isə yunan-Roma güləşi növündə mübarizə aparacaq.

Proqrama əsasən, noyabrın 12-də sərbəst, 13-də isə yunan-Roma güləşi yarışları keçiriləcək.

Yarışda ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə