Dünya çempionatında uğur qazanmış idmançılarımız jurnalistlərlə görüşüblər FOTOLAR - VİDEO
Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında mübarizə aparan idmançılarımız uğurlu nəticələr əldə ediblər. SİA-nın məlumatına görə, Azərbaycan kikboksçuları arasında fəxri kürsünün ən yüksək pilləsinə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşad Ələsgərov yüksəlib. O, K-1 növü üzrə döyüşlərdə qızıl medala layiq görülüb. Ramal Aslanov (61 kq, loukik), Anar Məmmədov (91 kq, K-1) və Ehram Məcidov (94 kq-dan yuxarı, kiklayt) gümüş medal qazanıblar. Çingiz Əhmədzadə (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik) və Zöhrab Əzimov (60 kq, loukik) isə üçüncü yeri tutublar.
.jpg)
Bu gün dünya çempionatında çıxış edən komandamızla media nümayəndələrinin görüşü təşkil olunub. Görüşdə iştirak edən yığma komandamızın baş məşqçisi Elşən Əbdülrəhmanov bildirib ki, iki ildən bir keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatından ölkəmizə qızıl medal son dəfə 2009-cu ildə gəlib. O qeyd edib ki, altı ildir ki, Azərbaycan idmançıları bu versiyada qızıl medal qazana bilmirdilər: "Sevindirici haldır ki, idmançılarımız bu yarışdan 7 medalla qayıtdılar. Bunlardan 1-i qızıl, 3-ü gümüş, 3-ü isə bürünc medaldır. 24 idmançımızın hamısı qənaətbəxş çıxış etdilər. Beş idmançımız yarımfinala çıxışda rəqiblərinə bərabər döyüşlərdə məğlub oldular. Qızıl medalı Elşad Ələsgərov qazandı. Yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov "kiklayt" növü üzrə yarışda gümüş medala layiq görüldü".
Yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov dörd ildən sonra yenidən döyüşlərə qayıtdığını və zədəli olmasına baxmayaraq, dünya çempionatında "kiklayt" növü üzrə gümüş medal qazandığını deyib. O, yetirmələrinin çıxışından razı qaldığını qeyd edib.
Dünya çempionu Elşad Ələsgərov kikboksinqin K-1 versiyası üzrə dünya çempionatında indiyədək ölkəmizdən heç kimin qızıl medal qazanmadığını, bu nailiyyətlə tarix yazdığını bildirib. O, uzunboylu, güclü rəqiblərlə döyüşməsinə baxmayaraq, bu versiyada birinci qızıl medalı qazanan idmançı olduğuna görə sevindiyini söyləyib.
Daha sonra yığmamızın digər üzvləri çıxışları barədə danışıblar.
Sonda jurnalistlər və idmançılar xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB