“Xəzər Lənkəran” sabah toplanacaq

“Xəzər Lənkəran” sabah toplanacaq

Azərbaycan Premyer Liqasının XI turunda səfərdə minimal hesabla qalib gələn "Xəzər Lənkəran" sabah toplanacaq. SİA-nın məlumatına görə, komanda "Rəvan" üzərindəki qələbədən sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.

Bu arada son matçda zədələnərək oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Həkimlər təcrübəli futbolçuya ilkin olaraq sol ayağın diz nahiyəsi arxa bağlarının qopması diaqnozu qoyublar. Son həftə ərzində Orxan Əliyevdən sonra "Xəzər Lənkəran"ın ikinci futbolçusu əməliyyat olunacaq.

Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanovdan isə xoş xəbər var. Futbolçu sabahdan etibarən fərdi məşqlərə başlayacaq. Xatırladaq ki, "Xəzər Lənkəran" növbəti tur çərçivəsində doğma meydanda noyabrın 8-i saat 16.00-da Ağdamın "Qarabağ" klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə