Cüdoçularımız Vətənə qayıtdılar FOTOLAR

Cüdoçularımız Vətənə qayıtdılar FOTOLAR

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən gənc cüdoçuların dünya birinciliyinə yekun vurulub və Azərbaycan idmançıları bu yarışda iki bürünc medalını qazanıblar.

"Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq cüdo üzrə gənclərdən ibarət yığma komandamız Vətənə qayıdıb. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, jurnalistlər və idman ictimaiyyətinin bir qrup üzvü qarşılayıb.

Bürünc medalçılar Hidayət Heydərov və Firudin Dadaşov jurnalistlərin suallarını cavablandırıblar. İdmançılarımız yarış haqqında təəssüratlarını bölüşüblər. Onlar mundialda güclü cüdoçuların mübarizə apardığını və bu səbəbdən yarışların çətin keçdiyini söyləyiblər. Medalçılarımız gələcək yarışlarda daha yaxşı nəticə göstərə biləcəklərinə inandıqlarını vurğulayıblar.

Komandanın məşqçisi Elçin İsmayılov isə bunları söyləyib: "Son bir ay ərzində təlim-məşq toplanışına başladıq. Buna baxmayaraq, uşaqlar çox gözəl nəticə qazandılar. Onların nəticəsindən məmnunuq. Yarışda daha yaxşı nəticə qazana bilərdik. Ancaq hakimlərin haqsızlığı buna imkan vermədi".

Bütün xəbərlər Facebook səhifəmizdə