Veteran güləşçilərimiz dünya çempionatını 4 medalla başa vurublar

Veteran güləşçilərimiz dünya çempionatını 4 medalla başa vurublar

Azərbaycanın veteran pəhləvanları Afinada keçirilən dünya çempionatının sərbəst güləş yarışlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar. SİA-nın məlumatına görə, 85 kiloqram çəki dərəcəsində "B" divizionunda mübarizə aparan İslam Quliyev Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Finalda Yaponiya təmsilçisini də məğlub edən pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"F" divizionunda çıxış edən Abbas Məmmədov (63 kq) yarımfinalda Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələrək finala yüksəlib. Finalda daha bir rusiyalı rəqiblə qarşılaşan Abbas Məmmədov uduzaraq mundialın gümüş medalı ilə kifayətlənməli olub.

Yarışda 69 kiloqram çəki dərəcəsində "A" divizionunda mübarizə aparan Ramil İsmayılov ABŞ və Macarıstandan olan rəqiblərini üstələyərək finala vəsiqə qazanıb. Finalda Gürcüstan təmsilçisinə məğlub olan pəhləvanımız dünya çempionatını ikinci yerdə başa vurub.

"D" divizionunda xalça üzərinə çıxan Rövşən İsmayılxanlı (130 kq) ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxıstan pəhləvanına uduzub. Bürünc medal uğrunda qarşılaşmada Azərbaycan güləşçisi Türkiyə təmsilçisinə qalib gəlib və fəxri kürsüdə üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə