ÇL-in qrup mərhələsində növbəti görüşlər keçirilib NƏTİCƏLƏR

ÇL-in qrup mərhələsində növbəti görüşlər keçirilib NƏTİCƏLƏR

UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti görüşləri keçirilib. SİA-nın məlumatına görə, yarışların "A", "B", "C" və "D" qruplarında çıxış edən komandalar növbəti oyunlarına çıxıblar.

"A" qrupunda İspaniyanın "Real" Madrid klubu səfərdə İsveçin "Malmö" klubunu 2:0 hesabı ilə məğlub edib. "Kral" klubunun heyətində Kristiano Ronaldo dubl edib.

Qrupun digər qarşılaşmasında Fransanın "PSJ" klubu çətin "Şaxtyor" səfərindən qalibiyyətlə qayıdıb. Matç 3:0 hesabı ilə parislilərin xeyrinə başa çatıb.

"B" qrupunda ilk turda "Mançester Yunayted"ə (İngiltərə) qalib gələn Hollandiyanın "PSV Eyndhoven" klubu Rusiyada MOİK-in qonağı olub. Hollandlar ilk turdakı qələbənin ardını gətirə bilməyiblər-2:3.

"Mançester Yunayted" isə "Old Trafford" stadionunda Almaniyanın "Volfsburq" klubunu hesabda geriyə düşdüyü qarşılaşmanın sonunda 2:1 hesabı ilə məğlub edərək qitənin ən nüfuzlu klub turnirinin 2015-2016 mövsümündə ilk qələbəsini qazanıb.

"C" qrupunda Türkiyənin "Qalatasaray" klubu Qazaxıstanda turnirin debütantı "Astana"nı məğlub edə bilməyib. Qarşılaşmada hesabda iki dəfə irəli çıxmasına baxmayaraq, İstanbul klubu qələbə hesabını qoruya bilməyib-2:2. Qrupun digər qarşılaşmasında isə "Atletiko" (İspaniya) Mariddə Lissabonun "Benfika" klubu qarşısında aciz qalıb-1:2.

"D" qrupunda ötən mövsümün Çempionlar Liqasının finalçısı "Yuventus" (İtaliya) Avroliqanın qalibi "Sevilya" ilə qarşılaşıb və rəqibinə Alvaro Morata və Simone Zazanın vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə Münhenqladbax "Borussiya"sı evdə İngiltərənin "Mançester Siti" klubuna 1:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə