Əjdər Cəfərov: "Məqsədimiz "Bakı-2015"də maksimum nəticə göstərməkdir"
Azərbaycan Güləş Federasiyası (AGF) daim yeniliklər edən bir qurumdur. Buna nümunə olaraq bu gün keçirilən məşqçi və hakimlərin Ümumrespublika seminarını göstərə bilərik". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov deyib. O, seminara Dünya Güləş Birliyinin elmi departamentinin üzvü, türkiyəli mütəxəssis Ramazan Savranbaşının da dəvət olunduğunu qeyd edib: "Mütəxəssis seminarda bizim məşqçi və hakimlərə yeni qaydaların, yeni məşq metodlarının və bir sıra digər yeniliklərin öyrədilməsi üçün iştirak edir. Seminar AGF-nin prezidenti Fazil Məmmədovun muvafiq əmrinə əsasən təşkil olunub. Yeni qaydaların dərhal məşqçilərə çatdırılması çox mühüm əhəmiyyət kəsb edir. Biz seminarı "Bakı-2015" ilk Avropa Oyunlarına yaxın vaxtda təşkil etdik ki, komandamız Oyunlar zamanı qaydalardan xəbərdar olsun".
AGF-nin "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlığı barədə məlumat verən baş katib, idmançıların təlim-məşq prosesini yekunlaşdırmaq üzrə olduqlarını bildirib: "Son təlim-məşq toplantısına bugündən etibarən Bakı şəhərində start veriləcək. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz AGF-nin təlim-məşq bazasında öz hazırlıqlarını davam etdirəcəklər. "Bakı-2015"ə hazırlıqlar yüksək səviyyədə təşkil olunub. AGF-nin prezidenti Fazil Məmmədovun yanvar ayında imzaladığı əmrə əsasən, hər 3 yığma komandamız digər ölkə idmançıları ilə, xüsusi olaraq Amerika və Asiya ölkələrinin güləşçiləri ilə təlim-məşq prosesi keçiblər. Ümüd edirəm ki, "Bakı-2015" ilk Avropa Oyunlarında idmançılarımız yüksək əyarlı medallar qazanacaqlar. Bütün uğurlarmızın səbəbkarı ölkə başçımız İlham Əliyevdir. Onun idmançılara göstərdiyi diqqət və qayğı sayəsində qızıl medallar qazanaraq, xalqımızı sevindirəcəyik".
Baş katib "Bakı-2015" ilk Avropa Oyunlarında yarışacaq rəqib komandaların heyətlərinin artıq məlum olduğunu vurğulayıb: "Qonaq komandaların heyətləri artıq AGF-yə göndərilib. Biz rəqiblərin heyətlərinə nəzər salmışıq. Oyunlarda Avropanın ən güclü idmançıları iştirak edəcək. Bizim yığma komandalar da artıq formalaşmaq üzrədir. Heyətlərimiz AGF-nin təsdiqindən sora ictimaiyətə təqdim ediləcək. Məşqçilər korpusu tərəfindən yaxın 2-3 gün ərzində AGF rəhbərliyinə heyətlərin siyahısı veriləcək. Hələ ki, bu haqda heç nə deyə bilməyəcəm. Olimpiya çempionu Toğrul Əsgərovun da I Avropa Oyunlarında iştirakı planlaşdırılır. Əsas məqsədimiz "Bakı-2015" ilk Avropa Oyunlarında maksimum nəticə göstərməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB