Masallıda mini futbol turniri

Xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən silsilə tədbirlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, bu gün Masallı Olimpiya Kompleksində Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə start verilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq ölkəmizin hər bir bölgəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə tədbirlərin keçirildiyini bildirib.

S.Əliyev dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması istiqamətindəki xidmətlərindən söz açaraq bildirib ki, "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".

Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə eləcədə idman sahəsində aparılan uğurlu islahatlardan söz açıb, Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə turnir iştirakçılarını tanış edərək bildirib: "Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin reallıqları ilə bağlıdır. Avropa idman ailəsinin tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana etibar etməsi sıradan bir hadisə deyil. Son illərdə ölkəmiz həyata keçirilən məqsədyönlü siyasət sayəsində yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə imza atıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda keçirilən "Bakı-2015"in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının cari ilin yayında Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən səbəblərdən birinin də Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib: "Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır".

Azərbaycan cəmiyyəti öz yüksək tolerantlığı, başqa mədəniyyətlərə, konfessiyalara dözümlülüyü ilə fərqlənir. Azərbaycan qısa müstəqillik tarixində özünü beynəlxalq birliyə hər cəhətdən layiqli töhfələr verən, regional və qlobal miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıdıb. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın 200-dən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.

Turnirin açılış mərasimində iştirak edən Gənclər İdman İdarəsinin rəisi Camal Manafov bütün komandalara müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə