Noyabrın 15-də Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Güləş Federasiyasının (FİLA) sərbəst güləş üzrə məşqçilər assosiasiyasının seminarı öz işinə başlayıb. Siasport.az saytının məlumatına görə, tədbirdə FİLA prezidenti Rafael Martinetti və qurumun baş katibi Mişel Düsson da iştirak edib.
Məşqçiləri giriş sözü ilə salamlayan FİLA prezidenti seminarı bizlər üçün qürurverici hadisə ilə başlayıb. O, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi Firdovsi Umudova 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi üçün hazırlanan xüsusi kuboku, qızıl medalı və müvafiq sertifikatı təqdim edib.
Məlumat üçün bildirək ki, FİLA-nın texniki komitəsi Beynəlxalq Federasiyanın məşqçilər assosiasiyasına üzv olan bütün məşqçilərin il ərzində fəaliyyətini diqqətlə izləyir və ilin yekununa əsasən dünyanın ən yaxşısını müəyyənləşdirir. 2008-ci ildən etibarən məşqçilər assosiasiyasının üzvü olan Firdovsi Umudov isə Azərbaycan sərbəst güləşçilərinin London Yay Olimpiya oyunlarında əldə etdiyi möhtəşəm uğurda böyük pay sahibi olduğu üçün bu mükafata layiq görülüb.
Seminarın gedişində idmançılarımızın 4 illiyin zirvə yarışındakı çıxışı da xüsusi müzakirə mövzusu olub. Yarışın statistik məlumatları açıqlanarkən bildirilib ki, Pekin olimpiadası ilə müqayisədə yığma komandamız inkişaf tempinə görə dünyanın ən qabaqcıl güləş ölkəsinə çevrilib.
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun Londondakı çıxışlarını əks etdirən videogörüntülərin təhlili isə seminar iştirakçılarının böyük marağına səbəb olub və FİLA nümayəndələri onların hər ikisini dünya güləşinin nadir inciləri adlandırıblar. Seminar noyabrın 18-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB