Azərbaycanın basketbol üzrə U-16 yığması Avropa çempionatının B divizionunda 5-ci olub

Azərbaycanın basketbol üzrə U-16 yığması Avropa çempionatının B divizionunda 5-ci olub

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol milli komandası FIBA U-16 Avropa çempionatının B divizionunda 5-ci yeri tutub.

SİA Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli 5–7-ci yerlər uğrunda oyunlarda Bosniya və Herseqovina (78:65) və Kipr (70:58) yığmalarına qalib gəlib.

Dörd matçın 2-də uğur qazanan komanda qələbə göstəricisini 16.7 faizdən 50-yə yüksəldib.

Turnirin ən məhsuldar basketbolçusu Viktoriya Ulyanova olub. O, keçirdiyi 4 oyunda 68 xal (orta hesabla 17 xal) toplayıb. V.Ulyanova Bosniya və Herseqovina ilə matçda 34 xal və 10 ribaundla yaddaqalan performans göstərib. Aylin Niftəliyeva 4 oyunda 54 ribaund (orta hesabla 13,5) yığaraq bu göstərici üzrə turnirin lideri adını qazanıb. O, son iki qarşılaşmada ardıcıl double-double edib.

Aylin Əkbərzadə isə 37 məhsuldar ötürmə (orta hesabla 9,3) ilə B divizionu tarixinin yeni rekordunu müəyyənləşdirib. Basketbolçu Slovakiya ilə görüşdə 7, İsveçlə matçda 6, Bosniya və Herseqovina və Kiprlə oyunların hər birində isə 12 məhsuldar ötürmə müəllifi olub.

15 yaşlı Qalina Quşina yarışı orta hesabla 10,5 xalla başa vurub. O, Bosniya və Herseqovina ilə matçda 14, Kiprlə görüşdə isə 18 xal toplayaraq qələbədə xüsusi pay sahibi olub.

Qeyd edək ki, Azərbaycan millisi ötən il B divizionunda keçirdiyi 6 oyunun yalnız 1-də qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə