"Mən bayraq sevgisinə görə idmana gəlmişəm" - MÜNASİBƏT BİLDİRİLDİ

"Yalnız idmanda yox, bütün işlərdə böyük uğur qazanmaq istəyirsənsə, işini sevərək görməlisən". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan yunan-roma güləşçisi Taleh Məmmədov deyib.

O bildirib ki, idmanda daha da məsuliyyətli olmalısan, böyük uğur qazanmaq üçün işini çox sevməlisən: "İşini sevməkdən əlavə həm də məsuliyyətli, özünə tələbkar olmalısan.

Uşaq yaşlarından idmana başlayırıq. Uşaqlıqda maddiyyatın nə olduğunu anlamırıq. Məsələn, məni güləşə dayım gətirib. O zaman Ulu Öndər Heydər Əliyev sağ idi. Güləşə gətirəndə mənə deyirdi ki, "Bax, sən qalib olsan, Avropa, dünya çempionatlarında fərqlənən idmançı olsan, Heydər Əliyevlə görüşəcəksən, bayraqla qaçacaqsan". Yəni bayraq sevgisi ilə gəlmişik. Mən ölkə başçısı ilə görüşmək həvəsi ilə güləşə gəlmişəm. Böyüyəndən sonra maddiyyat rol oynayır. Hər bir işdə maddiyyat önəmlidir. Çünki ac-susuz, ailəni dolandırmadan heç bir işi etmək olmur.

Bizim üçün maddiyyat ikinci planda olur. Çünki biz idmana gənc yaşlarımızda başlayırıq. Maddiyyatın nə olduğunu bilmirik. Mən bayraq sevgisinə, o bayrağı dalğalandırmağa görə idmana gəlmişəm.
Məğlub olanda isə, düzdür, adam həvəsdən, motivasiyadan düşür. Yenidən o həvəsi bərpa etmək, motivasiyaya qayıtmaq üçün ətrafın da, ailənin də böyük rolu var. Əsas insanın öz beyni, psixologiyasıdır. Hərdən başqa nüanslar da baş verir. Məndə dəfələrlə baş verib, idmandan yaxın dostlarım var. Onlar həmişə deyir ki, bezmə, səbrli ol, hər şey düzələcək". Bəzən sözləri insanı idmana yenidən qaytarır, motivasiya verir. Bəzən məşqçilər, bəzən yaxınlar, qohumlar deyir: "Olan şeydir, adam qazanar da, məğlub da olar". Bunun böyük rolu var. Dostlarını da düz seçməlisən ki, həmişə sənin yanında olsunlar, dəstək olsunlar.

İdmançının özünə gəldikdə isə məğlub olanda fikirləşirdim ki, bu mənim sonuncu yarışımdır, daha məğlub oluram. Bir müddət keçir, sonra içindəki xarakter, məqsəd imkan vermir. Yenidən hər şeyə göz yumub davam etməyə başlayırsan.

İnsanlar fərqlidir. Hərə bir cür mübarizə aparır. Afiq Hüseynov atasına görə hər məğlubiyyətdən sonra, yaxud da atasının əziyyətini düşünərək bunu davam etdirir. Məndə isə həmişə mübarizə apardığım şey qarşıma qoyduğum məqsəd olub ki, Avropa, Dünya medallarını qazanacam. Məni idmana gətirən dayımı sevindirəcəm. Bir az da mənə qarşı olunan haqsızlıqlar var ki, kim ki ona sevinirdi, onları kədərləndirmək üçün ona köklənir, mübarizəmi ona uyğun aparırdım. Məni istəyənləri də sevindirirdim".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə