Mənə belə “Azəriqaz” lazım deyil - ARAŞDIRMA

Son illər Azərbaycan inkişaf baxımından hərtərəfli irəliləyişlərə nail olub. Xüsusilə də, 44 günlük Vətən müharibəsi ilə qazanılan parlaq qələbədən sonra, ölkə ərazisində quruculuq və abadlıq işləri daha geniş və əhatəli xarakter alıb. Bu da əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı dövlətin maraqlarının və məqsədlərinin təmin olunmasına yeni imkanlar yaradır. Yəni ölkəmiz hər bir sahədə uğurlar əldə edib və etməkdə davam edir. Təbii ki, sosial-iqtisadi inkişaf olan yerdə əmin-amanlıq və insanların xoşbəxtliyi hökm sürür.

Söz yox ki, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasında və əhalinin sosial-iqtisadi maraqlarının təmin olunmasında neftdən gələn gəlirlər əsas rol oynayır. Bu baxımdan Dövlət Neft Şirkəti (SOCAR) nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada əsas aparıcı iqtisadi gücə malik şirkət hesab olunur. Bu barədə geniş yazıb, şərhlərə, təhlillərə və mövcud faktlara yer ayırmaqdan uzağam. Sadəcə onu vurğulamaq lazımdır ki, SOCAR-la bağlı ictimai rəydə heç də birmənalı olmayan mövqe və fikirlər mövcuddur. Hətta ən yüksək səviyyəli tədbirlərdə, yığıncaqlarda şirkətin özəlləşdirilməsi və ya uzunmüddətli icarəyə verilməsi ilə bağlı təklif və ideyalar irəli sürülür. Bu təklif və ideyaların nə zamansa reallaşacağını demək indidən çətin olsa da, ictimai rəyin mövqeyi ondan ibarətdir ki, şirkət özəlləşdirilsə daha yaxşı olar. Ona görə yox ki, özəlləşdirmədən insanlara hansısa formada pay düşəcək və ya özəlləşdirlimədən bəhrələnə biləcəklər. Sadəcə ümid edilir ki, SOCAR-ın özəlləşdirliməsi və ya icarəyə verilməsi ilə benzinin, neftin və təbii qazın qiyməti aşağı salınacaq, həm də onaların keyfiyyətində müsbət dəyişikliklər olacaq.

Azəriqaz” İB-nin sürpirizləri

Aydın məsələdir ki, benzin və təbii qaz keyfiyyətsiz olması ilə yanaşı, həm də bahadır. Bəlkə də, bəzi yaxın və uzaq ölkələrlə müqayisədə Azərbaycanda benzinin və təbii qazın qiymətində o qədər də fərq yoxdur, olsun “xub”. Bəs keyfiyyətə nə demək olar? Bu gün ölkəmizdə 2 milyon 285 min abonent arasında sorğu aparsan, az qala 98 faizi təbii qazın keyfiyyətsiz olmasından giley-güzar edər. Bu da təbii qazın standartlara uyğun emal olunmadığını göstərir. Mavi qazdan istifadə edərkən, qaz sobasının ətrafını qara hiss bürüyür, eyni zamanda sobanın üzərinə ağ, qırmızı, sarı rənglər sıçrayır. Bununla sanki “Azəriqaz” İB abonentlərinə atəşfəşanlıq təqdim edir. “Azəriqaz” İB-nin sürpirizləri bununla bitmir, yeri gəldikcə, müxtəlif iylər, qoxular da təqdim edir. Belə sürpiriz iyləri mənzilə yenicə daxil olan şəxs hiss edə bilir. Həmin anda əlləri ilə burnunu və ağzını tutur, nə baş verdiyi sualı ilə gözlərini ev sahibinə dikir. Təbii ki, ev sahibi öyrəncəkli olduğundan qonağına ““Azəriqaz” İB yalnız qaz borularına hava vurmur, arada bir borulara "fransız ətirləri" ötürməklə abonetlərini müjdələyir", deyib, qonağına olanları anladıb, sakitləşdirir.

Yenə də “xub”

Baş bəlasına çevrilən “Azəriqaz” İB abonentlərinin nəbzini və əsəblərini yoxlamaqla seçilən və tanınan qurumlardandır. Belə demək mümükünsə, bu qurumun əsas fəaliyyəti özbaşnalıq üzərində qurulub. Məsələn, bir də, görürsən ki, evinin qapsı önündə, səs-küydür. Təbii ki, sən də tənbəllik etməyib, həyətə çıxırsan. Məlum olur ki, “Azəriqaz” İB-nin bir neçə əməkdaşı smartkart tipli sayğacı sökürlər. Dilini dinc saxlamayıb, “qardaş niyə sökürsünüz” sualına, “sənlik deyil, rəis deyib ki, sayğac sökülüb, labarotoriyaya verilsin” deyə cavab verirlər. Bir qədər də, cəsarətli olub, “olmaz belə, şikayət edəcəm” və sair tələb və təkidlərdən sonra aydın olur ki, smartkart tipli sayğaclar özünü doğrultmadığından onlar mexaniki sayğaclarla əvəzlənməsinə qərar verilib. Olsun, yenə də “xub”. İki gün sonra abonentə bildiriş gəlir, “30 manat borcunuz var ödəniş edin. Əks halda təbii qazın verilişi dayandırılacaq”. “Borc” 200-250 manatda ola bilər, baxır “Azəriqaz”-ın səlahiyyətlilərinin insafına. Abonent də qapının ağzını kəsdirən qışın zəhmindən qorxuya düşdüyündən bir növ cibgirlik edən “Azəriqaz” İB-nin tələb etdiyi pulu ödəyir. Halbuki, “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə) qaz sayğaclarının dəyişdirilməsi zamanı akt tərtib olunmalıdır. Yəni abonentlə “Azəriqaz” İB-nin əməkdaşı arasında sayğacın sökülməsinə dair akt tərtib olunmalıdır, həmin aktda sayğacda olan göstəricilər, sayğacı nəyə görə sökülməsi öz əksini tapmalıdır.

“Azəriqaz” müasir dövrün inkişafından niyə geri qalır?

Diqqətçəkən məqam ondan ibarətdir ki, dünya inkişaf edir, yeni texnologiyalar, yeni aparatlar insanların ixtiyarına verilir. “Azəriqaz” İB isə müasir dövrün inkişafından geri qalır. İB irəli bir addım atdıqdan sonra bir neçə addım geriyə addım atır. Digər tərəfdən sual yaranır, mexaniki sayğaclar yaxşı idisə, niyə smartkart sayğaclarla əvəzlənib? Nəzərə almaq lazımdır ki, hansısa xarici ölkədən bir sayğacı 150 ABŞ dollarına alınır. Deməli 2 milyon 285 min smartkart tipli sayğaca görə, bir neçə milyard ABŞ dolları ödənilib ki, sonradan "bu sayğaclar işə yaramadı" deyib, onları mexaniki sayğaclarla əvəzləyirlər. Təbii ki, mexaniki sayğacların alınmasına görə də, pul ödənilib - milyardlar. Əcaba, nə dəyişir, bu dolaşıq tapmaca ilə. Deyilənlərə, yazılan minlərlə şikayət məktublarına və ortada olan faktlara görə, mexaniki sayğaclar smartkart tipli sayğaclara nisbətən qaz sərfiyyatını ən azı iki dəfə artıq yazır. Bu da onu təsdiq edir ki, "ayının min oyunu bir armudun üstündə" olduğu kimi “Azəriqaz” İB-nin sayğac oyunu da abonentlərdən əlavə pul qoparmaqdır. Hüquqda bu kimi fəaliyyətin adı özbaşnalıqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz”ın fəaliyyətini sərt tənqid etmişdi. Prezident bildirmişdi ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır: “Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".

“Azəriqaz” İB-nin “Açıq mikrafon” oyunu

Problemlərdən biri də, bəh-bəhlə hamamda yuyunduğun halda və yaxudda mətbəxtdə yemək bişirərkən qazın kəsilməsidir. Niyə görə, qazın verilişi dayandırılır, səbəb nədir- suallarına “Azəriqaz” İB izahat verməyi özünə rəva bilmir. Yəni özbaşınalıq edir. Qısası, “Azəriqaz” İB rəhbərliyi "burda mənəm, Bağdadda kor xəlifə" deyir, bunada “xub”. Ancaq anlamırlar ki, təbii qazın dayndırılmasından yüzlərlə sahibkarlıq subyekti əziyyət çəkir, minlərlə vətəndaş qışın soyuğunda xəstələnib yatağa düşmək problemi ilə üz-üzə qalır. Əminliklə demək olar ki, son günlər “Azəriqaz” İB-in təşkil etdiyi “Açıq mikrafon” gözdən pərdə asmaq üçündür. Demək olar ki, hər gün mətbuatdan oxuyuruq ki, “Azəriqaz” İB-in Baş direktoru əməkdaşlarının iştirakı ilə hansısa rayonda, kənd və qəsəbədə “Açıq mikrafon” keçirib. Ancaq yayılan məlumatlar şaşırdıcıdır. Deyilənlərə görə, İB rəhbərliyi “Açıq mikrafon” adı altında bir neçə nəfərlə söhbət edir, onların arzu və istəklərini dinləyib, gedirlər həmin rayonlardakı istirahət mərkəzlərinə, yeyib-içməyə. Abonentlərin də problemləri, qayğıları qalır elə kənd və qəsəbələrdə. Çünki, bu günə qədər “Açıq mikrafon” deyilən nəsnə vastəsi ilə hansısa abonentin hansısa probleminə kömək edilməsi barədə eşitməmişəm və ya mətbuatdan oxumamışam. Ayılın həzarət Cənubi Qafqazın qazla ən zəngin ölkəsində əhalinin təbii qazla təminatında problem olmamalıdır. Həm də, bahalı və keyfiyyətsiz mavi qaz Azərbaycan xalqı üçün deyil.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə