Koronavirus həyatımızda nələri dəyişdi? - ARAŞDIRMA

COVID-19 epidemiyasından sonra “heç nə əvvəlki kimi olmayacaq” ifadələri qəribə görünsə də, bir çox vərdişlərimizin başqa vərdişlərlə əvəz olunduğunu və dəyişdiyini görə bilərik. Bu vəziyyət nəzərə alındıqda çox şeyin qalıcı olaraq dəyişəcəyinə dair bu ifadələrin şişirdilmədiyi anlaşılacaq.

Keçmişə nəzər saldıqda çoxlu epidemiya nümunələri görürük. Məsələn, 19-cu əsrdə bəşəriyyəti məhv edən vəba epidemiyası və 20-ci əsrdə İspan qripi kimi dünyada böyük dəyişikliklər və transformasiyalar baş verdi. Gündəlik həyatın böyük dəyişikliklərə məruz qaldığı bu dövrdə hər sahədə bir sıra yeni ehtiyaclar meydana çıxmışdır.

Çox da uzaq olmayan gələcəkdə universitetlər, elm adamları, peşəkar təşkilatlar və bir çox yerli özünüidarəetmə orqanları insanların, şəhərlərin və ölkələrin gələcəyi ilə bağlı hərtərəfli təhlillər aparacaq, qlobal böhran zamanı ölkələrdə özünü göstərəcək qalıcı təsirlər üzərində araşdırmalar aparılacaq. Ancaq indi də yaxın gələcəkdə danışacağımız bəzi əsas məsələlər haqqında danışa bilərik:

Texnologiyanın istifadəsi və onun daha da geniş vüsət alması,

Rəqəmsallaşma,

İş həyatı,

Süni intellekt,

Nəqliyyat üstünlükləri,

Təhsil formaları və s.

Bu qlobal epidemiyadan sonra sosial davranışların demək olar ki, köklü şəkildə dəyişəcəyini bildirən mütəxəssislər, fiziki məsafənin və gigiyena qaydalarına riayət etmənin əhəmiyyətinin təsirini davam etdirəcəyini bildirirlər. Bir çox mütəxəssis bu prosesdə gündəmə gələn rəqəmsallaşmanın da adi hala çevriləcəyini deyir.

Sosial münasibətlər tənzimlənəcək

Xüsusilə insan və təbiət arasındakı ahəngdar əlaqəyə baxarkən insan mərkəzli yanaşmaların təsiri ilə formalaşan bir çox perspektivlərdən xilas olmağımız lazım olduğunu vurğulayan ekspertlər bu epidemiyanın bəşəriyyəti bir növ təcrid prosesinə sürüklədiyini bildiriblər. Belə bir dəyişikliyə paralel olaraq bildirirlər ki, bu dövrün yaratdığı vəziyyət həyatın bütün sahələrində ictimai münasibətlərin yenidən qurulmasını da özü ilə gətirəcək.

Rəqəmsallaşdırma daha da yayılacaq

Bu dövrdən əvvəl rəqəmsallaşma həyatımızın ən vacib hissələrindən biri idi. Ancaq epidemiya prosesində evdən işləməyin və elektron ticarətin əhəmiyyəti nəticəsində bu proses xeyli sürətləndi. Artıq epidemiya zamanı vərdiş halına gələn rəqəmsal iş və istehlak epidemiyadan sonra bir çox sektorun seçimi olacaq və əhəmiyyətli dərəcədə davam edəcək.

Səhiyyəyə investisiyalar artacaq

Epidemiyadan sonra yeni iqtisadi sahələrin özünü göstərəcəyini düşünmək absurd olmaz. Xüsusilə, iqtisadçılar tez-tez səhiyyə sahələrinə investisiyaların daha çox artacağını, xəstəliklərlə mübarizə aparan avadanlıqların, nəzarət sistemlərinin və s. kimi daha çox süni intellektə yönəlmiş hər cür biznes sahələrinə maraq və tələbatın artacağını proqnozlaşdırırlar.

Alış-veriş çılğınlığı azalacaq

Bu dövrdə insanların düşüncə və davranışındakı dəyişikliyin onların istehlak vərdişlərinə əhəmiyyətli dərəcədə təsir edəcəyini açıq şəkildə görə bilərik. Müxtəlif ölkələrdə aparılan araşdırmalar göstərir ki, insanlar karantin şəraitinin yaratdığı gündəlik vərdişlər və məhdudiyyətlər səbəbindən özlərini inkişaf etdirir, daha sadəlövh və daha insani tərəflərini kəşf etməyə başlayırlar. Karantin müddətində insanlar yeni qərarlar qəbul etməyə başlayırlar. Bu qərarlar arasında ən çox diqqət çəkəni alış-veriş impulslarının məhdudlaşdırılması və dəbdəbəli məhsulların lazımsız olması düşüncəsidir.

COVİD 19-dan sonra təhsil prosesi

Virusdan sonra texnologiyanın təhsildə məqsəd deyil, dəstəkləyici və inkişaf etdirici bir vasitə kimi daha intensiv istifadəsi müşahidə olunur. Kursun məzmununda mücərrəddən konkretə keçid texnologiyanı yenidən istifadə etməklə daha böyük sürət qazanacaq. Süni intellekt texnologiyası ilə abstrakt məzmun konkretləşəcək və tədrisdə istifadə olunacaq.

Digər mühüm məsələ isə öyrənmə tərzi və sürəti baxımından özünü göstərəcək. Süni intellekt və texnologiya ilə yanaşı, şagirdin öyrənmə potensialı və forması, uğurlu və uğursuz mövzu və üsulları və s. Diaqnozlar qoyulmaqla, öyrənmənin məzmunu və prosesi bu tapıntılara uyğun tərtib edilməyə başlayacaq.

SİA koronavirusun gətirdiyi dividentlər, “Koronavirus nələri ortaya çıxardı?”, “Koronavirusdan sonrakı həyatımız necə olacaq?” mövzusunda araşdırma apararaq deputat, sosioloq, psixoloq və təhsil ekspertlərinin fikirlərini öyrənib.

Koronavirusdan sonra insanlar internetin “Zoom” və “Teams” kimi canlı yayım platformaları ilə daha yaxından tanış oldu, yeni toy və yas modeli yarandı, ailələrin bir-biri ilə daha çox zaman keçirmək imkanı oldu və s.

Məsələ ilə bağlı deputat Azər Badamov öz fikirlərini bu cür ifadə edib: “Yeni növ koronavirus infeksiyası insanların həyatına təhlükə və müəyyən çətinliklər yaratsa da özü ilə gətirdiyi yeniliklərlə də zəngin oldu. Düzdür, tətbiq olunmuş məhdudiyyətlərlə bağlı insanlar bir-birilərindən uzaq düşdülər, canlı təmaslar minimuma endi. Bu həm də yeni texnologiyalardan istifadəsini aktuallaşdırdı.

Biz, yeni texnologiyaların müsbət və mənfi tərəflərinin olduğunu bilirik. Amma müsbət tərəfləri mənfilərdən çox olduğuna görə biz müsbətin üzərində fikrimizi formalaşdıracağıq. Yeni texnologiyalardan istifadə olunması sübut etdi ki, pandemiya ilə bağlı qapanmalar edilsə də iş prosesini davam etdirmək mümkündür. Məhz pandemiyanın həyatımıza gəlişi bir çox sahələrdə xidmətlərin elektronlaşdırılmasını sürətləndirdi. Məsələn elektron ticarətin inkişafı, iaşə xidmətlərində internetin üzərində sifarişlərin qəbul edilməsi və ünvanlara çatdırılması aktuallaşdı. Təhsildə distant üsulun inkişafı oldu.

Onu da qeyd etmək lazımdır ki, distant təhsilin keyfiyyəti heç də əyani təhsilin keyfiyyəti ilə heç cürə eyniləşdirmək olmaz. Amma “Teams” proqramı vasitəsilə tədrisin davam etdirilməsi canlı təmas yaratmadan məsafədən təhsil verməni aktuallaşdırdı və tədrisdə fasilənin yaranmasının qarşısı alınmış oldu. Dövlət idarələrində və ictimai həyatda bir çox tədbirlərin “Zoom” proqramı vasitəsilə təşkil olunması hətta dövlət başçıları səviyyəsində beynəlxalq tədbirlərin də videoformatlarda keçirilməsini aktuallaşdırdı.

Hesab edirəm ki, yas mərasimi dünyasını dəyişmiş insanın dəfni ilə başa çatmalıdır. Çünki, dünyasını dəyişmiş insanın dəfnindən sonra təşkil olunan bütün məclislər həm məclisləri təşkil edən ev sahibi üçün maliyyə çətinliyi yaşadır, həm də yas mərasimlərə gələn insanlar üçün vaxt itkisini gətirir. İnsanlar yas mərasimlərində iştirak etmək üçün şəhərdən rayonlara və ya əksinə getməklə günlərlə vaxtını boş yerə itirmiş olurlar. Halbuki bu müddətdə həmin şəxslər səmərəli bir fəaliyyətlə məşğul ola bilərlər. Toy mərasimlərinə də hər salam verən dəvət olunmamalıdır. Toyları özünəyaxın 150 nəfərlə keçirmək həm toy sahibi üçün, həm də toylarda iştirak edənlər üçün rahatlıq gətirir. Xüsusilə qeyd etmək istəyirəm ki, toy və yas mərasimləri ilə bağlı tətbiq olunmuş məhdudiyyətləri post-pandemiya dövründə də el adəti kimi qüvvədə saxlasaq daha yaxşı olardı. Çünki, biz, yaxşı adətləri formalaşdırıb rahat həyatımıza davam etməliyik. Beləliklə qeyd etmək istəyirəm ki, pandemiyanın həyatımıza gətirdiyi mənfi fəsadlarla yanaşı müsbət reallıqları da çoxdur və biz həmin müsbət tərəfləri qoruyub inkişaf etdirməliyik”.

Təhsil eksperti Kamran Əsədov: “İlk növbədə qeyd edim ki, Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant təhsil sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbindən beynəlxalq təhsil üçün xaricə getməsi mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir.

Distant təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.

2009-cu ildə qəbul edilmiş Təhsil haqqında qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır. Belə ki, hal-hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz.

Vacib bir məqamı qeyd edim ki, distant təhsil daha çox aşağıdakı kateqoriya insanları cəlb edir:

• İşdə və ya evdə başı qarışıq olanları və dərslərə getmək və mühazirələri dinləmək imkanları olmayan şəxsləri;

• İxtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənləri;

• Həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünya görüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənləri, çünki distant təhsil sayəsində eyni zamanda bir neçə kursda oxumaq olar.

Beynəlxalq statistikaya görə, distant təhsildə "tələbələrin" əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhətləri

1. Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.

2. Distant təhsil ümumiyyətlə hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.

3. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.

4. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə internet lazımdır.

5. Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.

Hesab edirəm ki, distant təhsil şübhəsiz ki, qarşısına məqsəd qoyanlar və bunun ona nə üçün lazım olduğunu anlayanlar üçün səmərəli təhsil formasıdır. Belə təhsil özünütəhsil prosesini planlaşdırmağı və ona nəzarət intizamını tərbiyə edir. İstənilən təhsil forması kimi bu da qarşılıqlı prosesdir və tələbə ilə canlı ünsiyyət olmadıqda "pedaqoq" amili çox vacib olur".

Mənfi cəhətləri haqqında deyim ki,

1. Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir.

2. Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.

3. Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.

4. Təlim kursları kifayət qədər interaktiv olmur.

5. Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur.

6. Asan əldə edildiyi üçün adətən distant təhsil səhvən müəyyən bir xarici təhsil almaq imkanı kimi başa düşülür. Göstərilən mənfi cəhətlərinə baxmayaraq, distant təhsil inkişaf etməkdə davam edəcək və zaman keçdikcə digər təhsil formaları arasında layiqli yerini tutacaq. Məsələ yalnız tələbələrin ondan düzgün və səmərəli istifadə etməsindədir.

Psixoloq Zeynəb Eyyubova: "Pandemiya dövrünə görə bir çox təbəqədən olan insanlar və bir çox əzizlərimiz var ki, çox əziyyət çəkirlər. Bu, istər tələbələr, istər müəllimlər, istər həkimlər, istərsə də jurnalistlər olsun.

Ümumiyyətlə, mənim özəlliyim reallığı deməkdir. Bəli, çətin dövr yaşayırıq. Heç vaxt görmədiyimiz bir şeydir. Yaşımızda tarix boyu biz belə bir şey görməmişdik. Amma sizə psixoloq kimi bir tövsiyəm var ki, özünüzü qoruyun, deyilən şərtlərə əməl edin, maska taxın, spirtdən istifadə edin, marketə girəndə mümkün qədər əlcək taxın. Yəni, özünüzü qoruyun.

Depressiyada olan insanlar var. Panikatak da daha çox yayılıb. Üstəlik əvvəldən panikatak olan insanlar indi daha betər panikatak yaşayırlar. Mütləq psixoloji dəstək və yardım alın. Evdə nəfəs hərəkətləri edin, hər gün gündə iki dəfə dərindən nəfəs hərəkətləri edin. Bizim problemimizdən biri nəfəsimizi düzgün idarə etməməyimizdir. Evdə olduqda çox kitab oxuyun, kinolara baxın, maraqlı verilişlərə baxın. Sizi daim neqativə kökləyəcək xəbərlərdən uzaq olun. Bu qədər adam öldü, bu qədər adam tutuldu. Bunlardan özünüzü kənar edin. Yeni bir səhifə açın. Artıq indidən pandemiyadan sonra olan planlarınızı qurun. Tələbələrimiz, universitetə hazırlaşanlar üçün çox çətindir və dəqiq ki bu keçəcək bir perioddur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə