Siqaret çəkən xanımlara CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da təəssüflər, olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hələ 1970-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit və bir çox xəstəliklərə səbəb olan siqaret çəkmənin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət etmiş, problemə qarşı lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir. Həmin dövrdən başlayaraq dünyanın bir çox ölkəsində siqaretə qarşı təbliğat kampaniyaları başlamış və bu kampaniyalar bu gün də davam etdirilməkdədir. Lakin hələ də siqaretin istifadəsi hər il minlərlə can alır. Bu mövzuda SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Aidə Bədəlova: “Siqaret çəkən xanımlara münasibətim əlbəttə ki, yaxşı deyil. Sağlamlıq qalsın bir kənara, özüm də xanım olduğuma görə bir xanıma bunu yaraşdırmıram, yəni biz belə görüb götürmüşük”.

Şəhər sakini Şahmar Cavadov: “Siqaretin istifadəsi fərqi yoxdur xanım, ya da kişi bu, sağlamlığa zərərlidir. Ancaq Azərbaycanın mentalitetinə gəldikdə isə, bu, xoş qarşılanmır. Yenə də hər kəsin öz seçimidir. İsifadə edənlər isə özlərinə zərər verirlər”.

Şəhər sakini Aidə Nəbiyeva: “Fikrimcə, siqaretin baxış tərzinin fərqi yoxdur. Burada cinsiyyət ayrı-seçkiliyi etməyə də ehtiyac duymuram. Siqaret və bəzi zərərli vərdişlər bəşəriyyətin ən böyük bəlalarındandır. İstifadə edənlər isə bir gün çox peşman olacaqlar və onu anlayacaqlar ki, bunun sonu ölümdür. Gənclərə isə məsləhətim budur ki, belə zərərli vərdişlərə qurşanmaqla həyatlarını təhlükəyə atmasınlar”.

Şəhər sakini Ləman Abıyeva: “Belə düşünürəm ki, bu, psixoloji vəziyyətdən asılıdır. Həyatında bəzi problemləri yaşayan insanlar çıxış yolunu siqaret çəkməkdə tapır. Xanımların isə istifadə etməsinə yaxşı münasibət göstərmirəm. Çünki xanımlar gələcəyin anasıdır və bu dünyaya gələn uşağın da həyatında mühüm rol oynayır. Bu səbəbdən də xanımlara məsləhət görürəm ki, siqaretdən istifadəni dayandırsınlar və gözəlliklərini qorusunlar”.

Şəhər sakini Elçin Qurbanov: “Ümumiyyətlə, siqaret çəkən insanlara münasibətim normaldır, yəni xanım kişi ayrı-seçkiliyi etmirəm. Kişi siqaret çəkə bilər, ancaq qadın çəkə bilməz kimi bir düşüncəyə də pis baxıram. Bizim azərbaycanlılar ən çox mentalitetə uyğun hərəkət edirlər. Mən isə bu düşüncəyə sahib bir insan deyiləm. Çəkməmələri isə daha məsləhətlidir, amma hər halda öz qərarlarıdır, özləri necə seçim etmək istəsələr elə də edə bilərlər”.

Şəhər sakini İlahə Bağırova: “Əlbəttə ki, yaxşı baxmıram və bir Azərbaycan xanımına bunu yaraşdırmıram. Ümumiyyətlə, mən yoldaşıma da siqaretdən istifadə etməyə icazə vermirəm, çünki bu, onun sağlamlığına çox zərərlidir. Həm sağlamlığımızı, həm pulumuzu və eyni zamanda, gözəlliyimizi də itiririk. Ən əsası da evdə uşaq varsa, o, bundan daha çox ziyan çəkir. Fikrimcə, uşaq siqaretdən istifadə edən ananın yanında qalıb hansı tərbiyəni götürəcək? Mən deyə bilmərəm ki, siqaret çəkən qadın əxlaqsızdır, amma buna normal da baxmıram”.

Şəhər sakini Əlibəy Ələkbərli: “Siqaret çəkmənin zərərli olduğunu artıq hər kəs bilir. Xanımların siqaretdən istifadə etməsinə isə birmənalı olaraq pis yanaşıram. Bir kişinin tərbiyəsi, əxlaqı sadəcə bir ailəyə təsir edə bilər. Ancaq bir xanımın tərbiyəsi bütün cəmiyyətə təsir edir. Xanım böyük qüvvədir məsəli isə boş yerə deyilməyib. Təkcə ailəyə və uşağa yox, ümumiyyətlə, cəmiyyətə pis örnək olur. Nə də olsa bura müsəlman ölkəsidir və biz Azərbaycanda yaşayırıq. Hər halda ki, bu ölkənin adını qorumaq kişilərlə yanaşı, eyni zamanda, qadınların da üzərinə düşür”.

Şəhər sakini Asif Kərimzadə: “Bu barədə onu deyə bilərəm ki, siqaretdən istifadənin xanımlara qadağası haqqında bir məlumat eşitməmişəm. Siqaret çəkən xanımlara münasibətim isə normaldır, hər kəs öz həyatında seçimləri özü edir və bu kimi seçimlər xanıma da verilib. Belə xanımlara da, seçimlərinə də sayğı duymalıyıq”.

Şəhər sakini Hüseyn Ələkbərov: “Gündəlik həyatda çətinliklərlə qarşılaşan xanımlar kişilərdən fərqli olaraq daha çox stres keçirirlər və bu stresi aradan qaldırmaq üçün siqaret çəkməyi üstün tuturlar. Bu stres qadınları siqaretdən asılı edir və onu tərgitməkdə çətinlik törədir. Məncə bu, xanımlardan əlavə bütün insanlara zərbə vurur. Məlumdur ki, bütün xəstəliklərin başında isə siqaret dayanır. Siqaretdən istifadə edən xanımlara münasibətim isə normaldır. Ancaq öz ailəmdəki xanımların istifadə etməsinə təbii ki, icazə vermərəm”.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə