"Azərbaycan dili keçmişdən gələcəyə uzanan ən qiymətli körpüdür" - DİLÇİ DANIŞDI

"Azərbaycan dili keçmişdən gələcəyə uzanan ən qiymətli körpüdür" - DİLÇİ DANIŞDI

"1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla təsis olunub. Ümumiyyətlə, bu fikirləri məhz Şuşadan səsləndirmək böyük fəxarətdir".

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan dili həqiqətən də çox zəngin dildir. İllər əvvəl, təxminən otuz il ərzində Qarabağın gözəlliyinə həsrət qalmışdıq. Qarabağ torpaqlarında baş verən hadisələr hər birimizi incidirdi. Amma bu gün, məsələn, mən Şuşada Azərbaycan dili mühitini çox gözəl hiss edirəm. Burada yaşayış məntəqələrinin və hotellərin adlarının Azərbaycan dilində olması, bu adların səsləndirilməsi insana böyük qürur verir.

İstər ölkəmizə gələn qonaqlar, istər Qarabağa səfər edən azərbaycanlılar, istərsə də digər xalqların nümayəndələri bu adları gördükcə və eşitdikcə həm Azərbaycan dilinin gözəlliyini, həm də otuz illik həsrətdən sonra doğma torpaqlara qovuşmağın sevincini hiss edirlər:

"Bu, bizim üçün son dərəcə qürurvericidir. Eyni zamanda, ölkəmizə gələn qonaqlar hotellərin və yaşayış məntəqələrinin adlarının Azərbaycan dilində yazılmasının və səsləndirilməsinin şahidi olur, xalqımızın öz dilinə sevgisini görürlər.

Bütün xalqların nümayəndələri, eləcə də yazıçılar, alimlər və elmi tədqiqatlar təsdiq edir ki, Azərbaycan dili çox zəngin, gözəl, musiqili və ahəngdar bir dildir. Azərbaycana gələn əcnəbilər də bu dili yüksək qiymətləndirirlər. Buna görə də Azərbaycan dilində danışmaq bizim vətəndaşlıq borcumuz, hər birimizin məsuliyyətidir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dili Ulu Öndər, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevdən bizə qalan ən qiymətli miraslardan biridir. Ulu Öndərin imzaladığı sərəncam və fərmanlarda, müxtəlif sahələrin nümayəndələri ilə görüşlərində, çıxışlarında və nitqlərində Azərbaycan dilinin zənginliyi, ifadə imkanları və gözəlliyi öz əksini tapırdı.

Bu gün isə Ulu Öndərin xarici və daxili siyasət kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda Dövlət Dil Komissiyasının sədri cənab İlham Əliyevin çıxışlarında da Azərbaycan dilinin zənginliyinə bir daha heyran qalırıq.

Ali Baş Komandan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dilini təkcə dostluq, ünsiyyət və elm dili kimi deyil, həm də qəhrəmanlıq və Zəfər dilinə çevirdi. Çox qısa müddətdə Azərbaycan dili Zəfərin dilinə çevrildi.

Bu gün Qarabağdan bunu söyləmək mənim üçün böyük qürurdur ki, Azərbaycan dilində danışmamaq təkcə qəbahət deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizə hörmətsizlikdir. Buna görə də biz bu dili bütün varlığımızla sevməli və qorumalıyıq.

Unutmamalıyıq ki, Azərbaycan dili 50 milyondan artıq azərbaycanlının dilidir. Cənab Prezident bu fikri təsadüfən səsləndirməyib. Bu, hər bir azərbaycanlı üçün öz ana dilində danışmağın qürurunu hiss etdirməyə xidmət edən mühüm mesajdır.

Bu gün Azərbaycan dilində gedən prosesləri yaxından izləyən bir dilçi kimi deyə bilərəm ki, dilimizin lüğət tərkibinə yeni söz daxil edərkən və ya hansısa sözün işləkliyini qiymətləndirərkən düşünməliyik ki, bunun təsiri 50 milyondan artıq azərbaycanlıya çata bilər. Xaricdə yaşayan soydaşlarımız və onların övladları Azərbaycan dilini yaşadan, qoruyan canlı daşıyıcılardır.

Qloballaşan dünyada müxtəlif dillərin təsiri ilə dillərdə müəyyən dəyişikliklər baş verir, yeni söz və ifadələr yaranır. Lakin bu proses düşünülmüş və ehtiyatlı şəkildə aparılmalıdır. Cənab Prezidentin də vurğuladığı kimi, dilimizə yersiz və ehtiyac olmayan söz və ifadələrin gətirilməsinə qarşı barışmaz mövqe nümayiş etdirməli, Azərbaycan dilinin saflığını qorumalıyıq.

Hər hansı bir sözü yalnız dəb xatirinə, yaxud qloballaşan dünyada yaranan süni meyillərə görə dilimizə gətirməməliyik. Bu dil əsrlər boyu yazıçılarımız, ziyalılarımız və Ulu Öndərimiz tərəfindən qorunub, yaşadılmış bir dildir.

Bu gün də dilimizin Azərbaycan Respublikasının Prezidenti timsalında güclü bir qoruyucusu var. Son çıxış və müsahibələrində də gördük ki, cənab Prezident Azərbaycan dilini qoruyan, onun saflığına xüsusi həssaslıqla yanaşan bir dövlət başçısı kimi çox mühüm mesajlar verdi. O vurğuladı ki, bu dili qorumaq böyük məsuliyyət tələb edir.

Biz, azərbaycanlılar, dilimizi qorumalı, bu dildə danışmağımızla fəxr etməli və düşünməliyik ki, gələcək nəsillərə sağlam, düzgün, səlis və saf bir dil miras qoymalıyıq. Əsrlər boyu ərəb, fars, rus və Avropa dillərinin təsirinə məruz qalan Azərbaycan dilini ziyalılarımız, yazıçılarımız və dövlət xadimlərimiz necə qoruyaraq bizə çatdırıblarsa, biz də qloballaşan dünyada müxtəlif dillərin təsirinə qapılmadan bu dili gələcək nəsillərə olduğu kimi ötürməliyik.

Unutmamalıyıq ki, hər bir azərbaycanlı "Mən fəxr edirəm ki, azərbaycanlıyam" ideyasına sadiqliyini yalnız sözlə deyil, həm də doğma dilində düzgün, səlis və ədəbi şəkildə danışmaqla nümayiş etdirməlidir.

Azərbaycan dilində yüksək keyfiyyətli cizgi filmlərinin hazırlanması, uşaq ədəbiyyatının dərsliklərdə daha geniş yer alması, dərsliklərdə təqdim olunan mətnlərin Azərbaycan dilinin qrammatik normalarına tam uyğun şəkildə hazırlanması olduqca vacibdir. Eyni zamanda, yazıçılarımızın əsərlərindən seçilmiş nümunələrin dərsliklərə daxil edilməsi də böyük əhəmiyyət daşıyır.

Müəllimlərimizin auditoriyalarda və sinif otaqlarında nümunəvi ədəbi dillə danışmaları xüsusi önəm kəsb edir. Azərbaycan dili çox gözəl və zəngin dildir. Lakin auditoriya dili, sinif dili, mühazirə və məruzə dili mütləq ədəbi dil normalarına uyğun olmalıdır.

Əgər bu məsələlərə həssas yanaşsaq, gənclərimizin heç bir xarici dilin mənfi təsiri altında qalmadan səlis danışmasına kömək etsək, deməli, Azərbaycan dilini layiqincə qorumuş olarıq.

Bizə miras qalan, göz bəbəyi kimi qorunaraq bu günə çatdırılan Azərbaycan dilinin zənginliyini qorumaq hər birimizin borcudur. İstər televiziya aparıcısı, istər yazıçı, istər alim, istər müəllim, istərsə də sadə vətəndaş olsun, hər kəs bu məsuliyyəti dərk etməlidir.

Unutmamalıyıq ki, Azərbaycan dilinin gələcək taleyi məhz bizim əlimizdədir. Biz necə danışırıqsa, necə yazırıqsa, dilimizin gələcəyi də buna uyğun formalaşacaq. Ona görə də sabah "Dilimiz niyə bu vəziyyətə düşüb?" sualını verməmək üçün bizə əmanət edilən bu dili bu gündən düzgün şəkildə qorumalı, yaşatmalı və gələcək nəsillərə saf şəkildə ötürməliyik".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə