"Etiket qidanın şəxsiyyət vəsiqəsidir" - QİDA EKSPERTİ

"Etiket qidanın şəxsiyyət vəsiqəsidir" - QİDA EKSPERTİ

"Etiket məlumatı qidanın şəxsiyyət vəsiqəsidir. Hər bir istehlakçı mütləq şəkildə etiket oxumaq alışqanlığı qazanmalıdır".Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, təəssüf ki, əksəriyyətimiz geyimə, digər zövqlərə ayırdığı zamanı qida seçərkən ayırmır: "Yəni çox vaxt etiketdə yalnız istehsal və son istehlak tarixinə diqqət edirik. Amma qida seçimi sağlamlığımıza təsir etdiyi üçün mütləq şəkildə etiket məlumatlarını oxumalıyıq.

Etiketdəki inqrediyentlər həmişə çəkisinə görə çoxdan aza doğru sıralanır. Məhsulun tərkibində ilk sırada nə yazılıbsa, məhsul əsasən həmin maddədən ibarət olur. Şəkərin saxaroza, fruktoza siropu, maltoza, nişasta şurubu, invert şəkər və başqa müxtəlif adları var. Bu adlar fərqli göstərilsə də, əslində məhsula əlavə edilmiş şəkər mənbələridir.

Tərkibində hidrogenləşdirilmiş bitki yağı, ya da qismən hidrogenləşdirilmiş yağ olan məhsullar ürək-damar xəstəlikləri riski daşıdığı üçün onlardan uzaq durmalıyıq. Həmçinin ön tərəfdə yazılan “fit”, “bio”, “eko”, “təbii” və ya “şəkərsiz” kimi böyük reklam yazılarına aldanmasaq yaxşıdır. Həmin yazılar real mənzərəni əks etdirməyə bilər.

Məsələn, “şəkərsiz” yazılan məhsula dadlandırıcılar, yüksək miqdarda yağ əlavə edilmiş ola bilər. Həqiqi vəziyyəti öyrənmək üçün mütləq arxa tərəfdəki qida dəyərləri cədvəli və tərkib hissəsi oxunmalıdır.

Hər E kod təhlükəli deyil. Məsələn, C vitamini olan askorbin turşusu E300-dür. Amma bəzi qoruyucu və rəngləndiricilərin həssas allergik reaksiya və hiperaktivlik yarada biləcəyini unutmamalıyıq.

Qlüten, süd zülalı, fıstıq, soya və yumurta kimi güclü allergenlər qanuni olaraq etiketdə qabardılmalıdır. Əgər həssaslığımız varsa, “iz miqdarında ola bilər” xəbərdarlıqlarına diqqət yetirməliyik.

Məhsulun üzərindəki tarixin keçməməsinə və xüsusən də düzgün temperaturda, uyğun şəraitdə saxlanılmasına diqqət etməliyik".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə