Yağış sularının kanalizasiya sisteminə yönəldilməsi necə təsir edir? - EKOLOQ DANIŞDI

Yağış sularının kanalizasiya sisteminə yönəldilməsi necə təsir edir? - EKOLOQ DANIŞDI

"Şəhər mühitində yağış sularından istifadə imkanları müəyyən məhdudiyyətlərlə müşayiət olunur. Çünki böyük şəhərlərdə, xüsusilə Bakıda yüz minlərlə avtomobil hərəkət edir. Daxiliyanma mühərriklərindən atmosferə atılan tullantılar, avtomobillərin təkərləri vasitəsilə havaya və yol səthinə yayılan toz, ağır metallar, yağ qalıqları və digər zərərli maddələr yağış sularına qarışa bilər".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, yağış zamanı atmosferdə və yol örtüyündə toplanan bu çirkləndiricilər su ilə birlikdə axaraq yağış sularının keyfiyyətinə təsir göstərir:

"Bu səbəbdən şəhər ərazisində toplanan yağış sularından birbaşa içməli və ya məişət məqsədləri üçün istifadə etmək məqsədəuyğun hesab edilmir.

Belə suların istifadəsi üçün ən uyğun istiqamətlərdən biri yaşıllıqların və ağacların suvarılması ola bilər. Bununla belə, yağış sularının hansı ərazilərdən toplandığı, çirklənmə səviyyəsi və tərkibi nəzərə alınmalıdır. Zəruri hallarda həmin sular sadə təmizlənmə və filtrasiya prosesindən keçirildikdən sonra yaşıllıqların suvarılmasında istifadə oluna bilər.

Digər mühüm məsələ yağış sularının şəhərin kanalizasiya və drenaj sistemlərinə yaratdığı yükdür. Güclü yağıntılar zamanı mövcud sistemlərin həddindən artıq yüklənməsi bəzi ərazilərdə subasmalara və digər problemlərə səbəb olur. Buna görə də yağış sularının toplanması və səmərəli idarə olunması həm ekoloji, həm də şəhər təsərrüfatı baxımından vacibdir.

Bu istiqamətdə alternativ həll yollarından biri yağış sularının xüsusi toplama sistemləri vasitəsilə yığılması, müəyyən səviyyədə təmizlənməsi və sonradan texniki məqsədlər üçün istifadə edilməsidir.

Bununla yanaşı, Bakıda yeraltı suların idarə olunması məsələsi də diqqət tələb edir. Məlum olduğu kimi, bəzi metro stansiyalarında yeraltı sular toplanır və həmin suların kənarlaşdırılması üçün müəyyən maliyyə vəsaiti sərf olunur. Bu suların uyğun sistemlər vasitəsilə toplanması və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədəuyğun ola bilər.

Əgər həmin suların tərkibi və təhlükəsizlik göstəriciləri buna imkan verərsə, yüngül təmizlənmə və filtrasiya prosesindən sonra onların yaşıllıqların suvarılmasında və digər texniki məqsədlər üçün istifadəsi nəzərdən keçirilə bilər.

Belə yanaşma həm şəhərin drenaj və kanalizasiya sistemlərinə düşən yükü azalda, həm də su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə imkan yarada bilər. Yəni mövcud problemlərin tam aradan qaldırılması mümkün olmasa da, düzgün idarəetmə və müasir texnologiyaların tətbiqi sayəsində yağış və yeraltı sularından müəyyən fayda əldə etmək mümkündür".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə