Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir - MƏQALƏ

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir - MƏQALƏ

Qlobal informasiya məkanında reklam çoxaldıqca həqiqətə ayrılan yer daha da kiçilir. Reklamın strateji hədəfi isə şərti alıcı tərəfindən qəbul olunacaq konkret qərarın məzmununu həmin an yaşanacaq emosiyadan asılı etməkdir. Bu bəsit iqtisadi və psixoloji qanunauyğunluğu hər bir marketoloq çox yaxşı bilir. Şərti alıcının istehlakçı təfəkküründə “icraat” mexanizmi dərhal hərəkətə keçir. Belə ki, alıcının beyni artıq “niyə almalıyam?” deyil, “necə alım?” sualı ətrafında düşünməyə başlayır. Bu növ sosial-psixoloji qanunauyğunluqlar artıq siyasi münasibətlər sistemində də geniş şəkildə nəzərə alınır.

Mövcud kontekstin inkişafında populizm fenomeninin son dövrlər sürətlə yayılmasının əsl səbəblərini axtarmaq mümkündür. “Təsadüfi deyil ki, faktların siyasi münasibətlərə təsiri ildən-ilə azalır, əvəzində isə siyasətin emosiyalardan asılılığı dayanmadan artır. Hətta süni intellektin (AI) məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir. Yəni AI artıq emosiya istehsalı prosesində fəal şəkildə iştirak edir. Sözügedən tendensiya isə olduqca təhlükəlidir. Şübhəsiz ki, qeyd olunan təzahürlərin tendensiya halına çevrilməsində sosial şəbəkələrin payı böyükdür. Sosial şəbəkələrin adı çəkilən zaman, ilk növbədə, xatırlanan məfhum məhz blogerlikdir. Saxta məlumat və emosiya satan siyasi blogerlər, əslində, “kirli” siyasətlə məşğul olurlar. Çünki hər hansı fəaliyyət növü insanların siyasi baxış və qərarlarına təsir edə bilirsə, o zaman bu fəaliyyətin “siyasət” adlandırılması daha doğru olardı. Sadəcə, bu tip şəxslər məsuliyyətdən yayınmaq üçün özlərini “siyasi fəal” yox, məhz “bloger” kimi təqdim etməyə çalışırlar. Tarixə nəzər salsaq, təsadüfi və qeyri-peşəkar insanların kütləvi şəkildə siyasətlə məşğul olmaları dövlət və cəmiyyət üçün təhlükəli hesab edilən tendensiyaların yaranmasına gətirib çıxardığının şahidi olarıq. Sosial şəbəkələr isə həmin kütləviliyi təmin edən universal alətdir. Qlobal internet siyasəti yanlışlıqla əlçatan fəaliyyət növünə çevirir, yanlış həqiqətləri tirajlayan informasiya mənbələrinin sayı sürətlə artır”, - deyə politoloq bildirib.

Asif Adilin sözlərinə görə, sosial şəbəkə müəlliflərinin yaratdıqları mexanizmdə siyasət manipulyasiya ilə aparılır və internet istifadəçisi könüllü şəkildə təslim olaraq böyük oyunun alətinə çevrilir. Qlobal AI-ın iş alqoritmi isə elə qurulub ki, zamanla vətəndaşın düşünməyə ehtiyacı qalmır. Hazır düşünmə modelləri şəxslərin ictimai təfəkkürünə həkk olur. Bu cür proseslərdə emosional populizmin payı isə heç də az deyil.

Politoloq gedişatın populizm fenomeninin mutasiyasını qaçılmaz etdiyinə də diqqət çəkib. O deyib: “İnsanlar daha hazırlıqlı, daha məlumatlı və daha təcrübəli olduqları üçün populizm artıq, sadəcə, rəğbət qazanmaq üçün istifadə olunmur. Mutasiya keçirən radikal populizm nifrət qusur, düşmənçiliyi adi hala çevirir, ümidsizlik toxumu səpir, peşəkarlığı mənasızlaşdırır və ənənəvi dəyərlər sistemini eybəcər hala salır. Populizmin mutasiyası və kütləviləşməsi hətta az sayda qalmış intellektualları belə mühitə adaptasiya olmağa məcbur edir. Beləliklə, mutasiyaya uğramış populizm alternativ həqiqət yaradaraq insanları, sadəcə, aldatmır, o, qəbul olunan ənənəvi münasibətlər sistemini iflic edir. İnternet və sosial şəbəkələr fərdi məsuliyyət hissini tədricən itirir. Məsuliyyət hissi olmayan cəmiyyətdə isə sağlam münasibətlərin qorunması çox çətindir. Unutmayaq ki, məhz məsuliyyətli cəmiyyət milli identikliyin toxunulmazlığına və dayanıqlı inkişafa iddialı ola bilər”.

Politoloq Asif Adil

Bütün xəbərlər Facebook səhifəmizdə