!988-1991-ci illərdə baş verən azərbaycanlıların öz ata-baba yurdları olan Qərbi Azərbaycandan deportasiyasına qədər Göyçə mahalındakı kəndlərin böyük əksəriyyətində bir nəfər də olsun erməni yaşamayıb. Belə kəndlərdən biri də Basarkeçər rayonunun Göysu kəndi olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, burada sonuncu etnik təmizləmə prosesinə qədər məskunlaşmış ailələrdən birinin nümayəndəsi Fərmayıl Cəfərov doğma kəndləri, azərbaycanlıların oradakı həyatı, öz torpaqlarından qovularaq çıxarılmaları ilə bağlı xatirələrini bölüşüb.
7 uşaqlı ailənin üzvü olan F.Cəfərov ömrünün 28 ilini Göysuda keçirib. Qədim yurdda keçən hər bir an onun üçün hələ də çox dəyərli və əvəzsizdir. “Yanından Göysu çayı keçən kəndimizin adının “göy” və ya “köy” sözü ilə, qədim türk dilində “çay” mənasında işlənən “su” sözünün birləşməsindən əmələ gəldiyi bildirilir. Göyçə mahalının hər yanı kimi Göysu da türklərin əzəli yurdu olub. Sakinlər əkin zamanı müxtəlif ölçüdə qədimi küplər tapırdılar. Qəbiristanlıqda da köhnə qəbirlər var idi”, - deyə o bildirib.
F.Cəfərovun sözlərinə görə, kəndə aid türk toponimləri də onun azərbaycanlılara məxsusluğundan xəbər verir. Göysuda “Yurdum”, “Gövhər”, “Qulu”, “Qotur”, “Zirnişli bulaqları”, “Bölgü dərəsi”, “At ölən”, “Yanıq yurdu”, “Kərəm biçən” adlı sahələr mövcud olub. Təbiəti səfalı olan kənddə azərbaycanlı əhali əsasən taxılçılıq, tütünçülük, bağçılıq, heyvandarlıq və arıçılıqla məşğul idi. İnsanlar halal zəhmətlərinin bəhrəsi ilə dolanıblar. “12 hektar sahədə salınan bağda alma, armud və digər meyvə ağacları əkilmişdi. Mən ali təhsil aldıqdan sonra orada briqadir işlədim. Atam babamın vaxtilə sədrlik etdiyi “Göysu kolxozu”nun baş aqronomu, anam isə tütünçü idi. Göysuda tibb məntəqəsi, mədəniyyət evi, 8 illik məktəb də fəaliyyət göstərirdi. Məktəbimizdə bir erməni müəllim var idi. O da həmişə bizə nifrətlə yanaşırdı. Dərslərə nə qədər yaxşı cavab versək də, qiymətimizi aşağı yazırdı”, - deyən müsahib bunun səbəbini hələ uşaqkən yaxşı anladığını söyləyir. F.Cəfərov deyib ki, babalarının azərbaycanlılara qarşı dəfələrlə baş verən deportasiyalar barədə danışdıqları bugünkü kimi yaddaşındadır: “1918-ci ildə anamın babasıgil Bala Məzrədə, atamın babası isə Göysuda deportasiyaya məruz qalıb. Babam atasının Gəncəyə üz tutduğunu, sonra yenidən yurduna qayıtdığını deyirdi. Ermənilər azərbaycanlılara divan tutublar: öldürüb, yaralayıb, sağ qalanları ev-eşiklərindən qovublar. Sonra özüm də onların bizə necə məkrlə yanaşdığının canlı şahidinə çevrildim”.
Müsahibim bildirib ki, bazara gedəndə ermənilər azərbaycanlıların min bir zəhmətlə yetişdirdiyi məhsulları ən aşağı qiymətlə satın almaq üçün əllərindən gələni edirdilər. Erməni məmurlar da azərbaycanlılara qarşı daim ayrı-seçkiliyə yol veriblər. “İdarələrə gedəndə, hətta mal alanda saatlarla növbə gözləməli olurduq. Gözümüz görə-görə ermənilər bizim sıramıza daxil olurdular. Tanışım tikinti materialları alanda ermənilər ona “Sizin yeriniz dağın o tərəfidir, çıxın gedin” demişdilər. Erməni həkimlər bibimin həyat yoldaşını əməliyyat zamanı qəsdən öldürmüşdülər. Erməni uşaqları ilə söhbət zamanı öyrənmişdim ki, valideynləri türkləri onlara düşmən olaraq tanıdırlar. 24 apreldə rayon mərkəzinə getmək təhlükəli idi”, - deyən həmsöhbətimiz onu da vurğulayıb ki, ermənilər azərbaycanlıların dədə-baba yurdlarındakı izlərini itirmək üçün də əllərindən gələni ediblər. “Bala Məzrədə, babamın həyətinin yanında qədim qəbirlər var idi. Marat Nurcanyan adlı erməni məmurun əmri ilə o qəbirlər oradan götürüldü, iz itirildi. Sonradan bunun da nəyə xidmət etdiyini anladıq. 1988-ci ilin sonlarına doğru isə məkrləri lap üzə çıxdı. Daşnaklar kəndə gələrək oranı tərk etməsək, bizə divan tutacaqlarını bildirdilər. Heç kəs deyilənlərlə razılaşmırdı, ancaq hər vasitə ilə insanları buna məcbur edirdilər”, - deyə F.Cəfərov vurğulayıb. O, həmçinin bildirib ki, həmin dövrdə azərbaycanlıların kütləvi şəkildə işdən çıxarılmasına başlanmışdı. Rayon mərkəzinə gediş-gəliş mümkünsüz hala gəlmiş, kəndə ərzaq gətirilmirdi. Şagirdlər məktəbə belə gedə bilmirdilər. “Gecə-gündüz evlərə keşik çəkirdik. Ancaq nə zamana qədər belə davam edə bilərdi? Sonda məcburiyyət qarşısında qalıb, ev-eşiyimizi, malımızı-mülkümüzü, əkib-yetişdiklərimizi atıb, kəndimizdən, doğma yurdumuzdan çıxmalı olduq. Babamın qəbri orada qaldı. Yaşlı nənə, ata və anamla birgə zülmlə, ac-susuz bir təhər Gədəbəyə, oradan da Tovuza gəldik. Kəndimizdən 5 nəfər qışın soyuğunda çovğuna düşüb, həyatını itirdi”, - deyən Qərbi azərbaycanlı qəhərlənir...
F.Cəfərov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Şanlı Qələbə yurd həsrəti ilə yanan ürəyinə təskinlik verib. Övladları da bu müharibənin iştirakçısı olan Qərbi azərbaycanlı bir gün doğma kəndi Göysuya qayıdacağına inanır. “Dəmir yumruq tarix yazdı! Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti torpaqlarımızın işğaldan azad olunacağını demişdi və sözünü yerinə yetirdi. Dövlət başçısının Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdıb, orada yaşayacağı günün gələcəyinə əminliyini ifadə etməsi də bizim üçün böyük stimuldur. Ata yurduma qovuşacağım günü səbirsizliklə gözləyirəm”, - deyə F.Cəfərov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə