"Prezident İlham Əliyevin Çinlə bağlı fikirləri son dövrlərdə Azərbaycan və Çin arasında strateji xarakter alan və hər gün inkişaf edən münasibətlərin real göstəricisidir. Ona görə də Çin mətbuatı bu reallığı öz ictimaiyyətinə çatdırmaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu gün ən çox danışılan mövzulardan biri beynəlxalq hüququn zəifləməsi və yeni dünya düzəninin formalaşmasıdır. Artıq bu düzən hüquqdan çox güc balansına əsaslanır: "Çin tərəfi anlayır ki, nə qədər iqtisadi, siyasi, hərbi və digər sahələrdə sürətlə inkişaf edən əsas dövlətlərdən biri olsa da, bu uğurların təməlində əməkdaşlıqlar, böyük bazarlara və strateji yollar vasitəsilə çıxış, eyni zamanda mühüm layihələrin həyata keçirilməsi dayanır. Bu isə tərəfdaşlıqsız mümkün deyil.
Azərbaycan da Çinin xarici siyasətində, xüsusilə iqtisadi və siyasi maraqları baxımından strateji əhəmiyyətə malik ölkələrdən biridir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və etibarlı tərəfdaş imici bu əlaqələrin önəmini daha da artırır. Bu səbəbdən Çin mətbuatı da öz dövlətinin xarici siyasətinə uyğun olaraq Azərbaycanla münasibətləri daim diqqətdə saxlayır. Mətbuat vasitəsilə həm Çin ictimaiyyətində, həm də beynəlxalq səviyyədə bu əlaqələrin əhəmiyyəti vurğulanır.
Çin mətbuatının Prezident İlham Əliyevin Çinlə bağlı fikirlərinə xüsusi yer ayırması onu göstərir ki, Çində də Azərbaycanla münasibətlərə strateji yanaşma formalaşıb və bu yanaşma getdikcə dərinləşir. Bu isə o deməkdir ki, gələcəkdə Azərbaycan - Çin münasibətləri daha da inkişaf edəcək, yeni və genişmiqyaslı layihələrin reallaşmasına şərait yaradacaq.
“Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi, Orta Dəhlizin bu layihədə əsas halqaya çevrilməsi və digər strateji nəqliyyat-ticarət layihələri münasibətlərin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycan - Çin əməkdaşlığı, həmçinin Sakit okeandan başlayaraq Avropanın dərinliklərinə - London, Paris, Madrid, Rumıniya və İstanbul daxil olmaqla - uzanan beynəlxalq ticarət şəbəkəsinin qurulmasına təkan verə bilər. Bu əməkdaşlıq təkcə iqtisadi dividendlərlə məhdudlaşmır. Əgər layihə gerçəkləşərsə və digər tərəflər, o cümlədən Avropa dövlətləri bu təşəbbüslərə maraq göstərərsə, bu əməkdaşlıq siyasi sabitliyə də töhfə verə bilər. Tam olmasa da, qlobal qarşıdurmaların və böhranların yumşalmasına, problemlərin azalmasına yol aça bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB