Azərbaycan mətbəxində ət məhsulları qədimdən bəri xüsusi yer tutur. İnsanlar həm gündəlik qidalanmada, həm də bayram və xüsusi günlərdə müxtəlif ət növlərindən istifadə edirlər. Bu ətlər arasında dana və camış əti xüsusilə diqqət çəkir. Hər iki ət növü özünəməxsus dadı, qida dəyəri və istifadə qaydaları ilə fərqlənir. Bəs, camış ətinin orqanizmə hansı təsirləri var?
Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda ət məhsulları arasında dana əti camış ətinə nisbətən daha geniş istifadə olunur və əhali arasında ona tələbat daha yüksəkdir:
"Bunun əsas səbəbi dana ətinin daha asan əldə olunması, bişirilməsinin nisbətən rahat olması və dad baxımından insanların daha çox alışqan olmasıdır. Camış isə daha çox südü və süd məhsulları ilə tanınır. Camış südü, qatığı, qaymağı və digər süd məhsulları həm nadir tapılması, həm də qida dəyərinin yüksək olması səbəbindən daha baha qiymətlərlə təklif olunur. Camış ətindən istifadə ediləcəyi təqdirdə, xüsusilə diqqətli olmaq vacibdir. Bu ət mütləq şəkildə keyfiyyətli, mənşəyi məlum olan, baytar nəzarətindən keçmiş və sağlam heyvana məxsus olmalıdır. Qida təhlükəsizliyi baxımından bu məqam olduqca önəmlidir.
Camış əti dana ətinə nisbətən daha tünd rəngli və daha sərt quruluşa malik olur. Məhz bu səbəbdən onun bişirilməsi zamanı düzgün texnologiyaya əməl edilməlidir. Camış əti adətən yavaş və uzunmüddətli bişirmə tələb edir. Bu üsul ətin liflərinin yumşalmasına, daha rahat çeynənməsinə və həzminin asanlaşmasına kömək edir. Tələsik və natamam bişirildikdə isə camış əti bəzi insanlarda mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Buna görə də, camış ətindən istifadə zamanı onun tam və yaxşı bişirilməsinə xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən, camış ətinin yağlılıq dərəcəsi dana ətinə nisbətən daha aşağıdır. Bu xüsusiyyətinə görə ürək-damar xəstəlikləri olan şəxslər, eləcə də xolesterin səviyyəsi yüksək olan insanlar üçün camış əti daha uyğun seçim hesab oluna bilər. Nəticə olaraq, camış ətindən istifadə edərkən həm sağlamlıq, həm də keyfiyyət baxımından yerli təsərrüfatlarda yetişdirilən, mənşəyi bəlli olan heyvan ətlərinə üstünlük verilməsi tövsiyə olunur. Bu, həm qida təhlükəsizliyini təmin edir, həm də daha keyfiyyətli məhsul əldə etməyə imkan yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB