"Ermənistan öz öhdəliklərini vaxtında yerinə yetirməlidir" - ŞƏRH EDİLDİ
"Azərbaycan Prezidenti həmişə olduğu kimi ilin əvvəlində televiziyalarımıza verdiyi müsahibədə bir çox vacib məqamlara toxunub. Əslində, bu müsahibə ilə həm 2025-ci ildə görülən işlərə yekun vurulur, qarşıda duran məsələlər müzakirə olunur, həm də 2026-cı ildə ölkəmiz və gələcək illərlə bağlı perspektiv planlar, ölkəmizin yeni dünya düzənindəki artacaq mövqeyi cənab prezident tərəfindən həm jurnalistlərə, həm də ictimaiyyətə çatdırılır". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu çox gözəl bir ənənədir və hesab edirik ki, cənab Prezidentin verdiyi bəyanatlar, cavablandırdığı suallar eyni zamanda bizim gələcəyimiz üçün bir yol xəritəsi rolunu oynayır:
"Əvvəla, cənab Prezident "Orta Dəhliz"in və onun əsas seqmenti olan Zəngəzur dəhlizinin gələcəkdə həm ölkəmizə, həm bölgəyə, həm də ümumilikdə qlobal səviyyədə verəcəyi töhfələrdən danışdı. Xüsusilə Azərbaycanın bu prosesdəki açar rolunu vurğuladı. O bildirdi ki, Ermənistan Naxçıvan vasitəsilə həm İranın dəmir yollarına, həm də Azərbaycan üzərindən Rusiyanın dəmir yollarına çıxış əldə edə bilər. Bu, Ermənistanın illərlə apardığı yanlış siyasət nəticəsində blokadada qalmasının əvəzində, yeni yaranmış reallıqlardan əldə edə biləcəyi dividentləri göstərir. Ən əsası, bu yeni reallıqları Azərbaycan özü formalaşdırıb. 2020-ci ildə Vətən müharibəsindəki şanlı qələbəmiz, 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpası bölgədə yeni siyasi və iqtisadi düzən yaratdı. Cənab Prezidentin müəllifliyi ilə reallaşan layihələr təkcə Azərbaycana deyil, Ermənistan da daxil olmaqla bölgədəki digər ölkələrə fayda verəcək.
Dövlət başçısı müsahibə zamanı vurğuladı ki, yeni kommunikasiya xətləri və yollar Ermənistan üçün də "yeni nəfəs" olacaq. Bu ölkə dalan ölkə statusundan çıxaraq qlobal bazarlara və dənizlərə çıxış imkanları əldə edəcək. Zəngəzur dəhlizinin açılması və alternativ marşrutlarla məsələn, İran üzərindən keçən yol Ermənistanın iqtisadi imkanlarını genişləndirəcək, malların daha təhlükəsiz və sürətli daşınmasına şərait yaradacaq. Azərbaycan üzərindən region ölkələrinə və regiondan kənara mal axınının artması fonunda ölkəmiz bir logistika mərkəzinə çevrilir. Bu məqsədlə həm dəmir yolları, körpülər, avtomobil yolları, infrastruktur, dənizin dibi ilə çəkilən fiber-optik xətlər bütün bunlar 2026-cı ildə də davam etdiriləcək vacib layihələrdir. Və burada Ermənistan da öz öhdəliklərini vaxtında yerinə yetirməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu məsələlərin alternativi yoxdur və Ermənistan tərəfi də vaxt itirmədən bu prosesə qoşulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB