"Dövlət idarəetmə modeli daha çevik və səmərəli şəkildə fəaliyyət göstərə bilir" -ŞƏRH EDİLDİ
"Cənab Prezidentin son müsahibəsində, yəni ölkə mediasına verdiyi açıqlamada xüsusilə də idarəetmə orqanlarının təkmilləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər açıq şəkildə göstərirdi ki, artıq idarəetmə modelində dəyişikliklər getməyə başlayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, əvvəlki sovet dövründən qalmış idarəetmə modeli tədricən yeni model ilə əvəz olunacaq: "Bu da Prezidentin səlahiyyətli nümayəndə statusunun tətbiqi ilə başlayacaq. Artıq bu model Naxçıvanda, Qarabağda və Şərqi Zəngəzur ərazisində tətbiq olunmağa başlayıb. Bu addımla görünür ki, dövlət idarəetmə modeli daha çevik və səmərəli şəkildə fəaliyyət göstərə bilir. Əvvəlki icra hakimiyyəti orqanlarının fəaliyyəti daha çox idarəetmə aparatında şəxslərin sayını artırmaq üzərində qurulmuşdu. Bu da təbii ki, bir neçə ciddi problemə səbəb olurdu.
Birincisi, daha çox insanın olması dövlət idarəetmə maşını üçün daha çox maliyyə xərci demək idi. İkincisi isə, bu idarəetmə modeli digər qurumların ona tabe edilməsi ilə yeni problemlər yaradırdı. Məsələn, regionlarda mərkəzi hakimiyyət orqanlarının yerli şöbələrinin icra başçısına tabe edilməsi korrupsiya risklərini artırır, uzunmüddətli problemlərə səbəb olurdu. Amma indi Prezidentin səlahiyyətli nümayəndəsinin olması ilə bu modeldə insan sayı nisbətən azdır, lakin effektivlik və mobillik daha yüksəkdir. Yəni həm az sayda əməkdaşla işləyirlər, həm də çevik hərəkət edə bilirlər. Bu baxımdan düşünürəm ki, Cənab Prezidentin qeyd etdiyi məsələ, mobil idarəetmədə effektiv nəticə əldə olunması və gələcəkdə Azərbaycanın digər bölgələrində də bu modelin tətbiqinə yol aça bilər.
Hesab edirəm ki, bu, dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsidir. Bu, eyni zamanda mərkəzi idarəetmə institutlarına inteqrasiyadır və yeni bir idarəetmə modelinin tətbiqidir. Bu, vacib məsələdir və artıq tətbiq olunan bölgələrdə, Qarabağda, Şərqi Zəngəzurda, Naxçıvanda bunun sınaqdan keçirildiyi görünür. Dövlət də artıq bu sistemin boşluqlarını və üstünlüklərini görür və yeni modelin hansı formada daha yaxşı işləyəcəyini bilir. Düşünürəm ki, bu model yaxın gələcəkdə bütün ölkə üzrə tətbiq oluna bilər. Cənab Prezidentin bu istiqamətdə verdiyi siqnal onu göstərir ki, böyük ehtimalla bu, gələcəkdə keçiriləcək referendumdan sonra mümkün olacaq. Yəni qarşıda ola biləcək konstitusiya dəyişikliyi ilə bu yeni model hüquqi baxımdan da rəsmiləşdirilə bilər. Bu da idarəetmədəki boşluqları aradan qaldırmaqla daha səmərəli bir sistemin formalaşmasına imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB