“Prezidentin sərəncamında hökumətə tapşırıq verilir ki,…” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında verdiyi Sərəncam sosial islahatlar sahəsində aparılan işlərin növbəti davamıdır və dərin islahatların həyata keçirilməsinin artıq 5-ci mərhələsinin startı deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Musa Quliyev sözlərinə belə davam edib: “İndiyə qədər 2018-ci ildən başlayaraq cənab Prezidentin fərman və sərəncamları ilə 4 böyük sosial islahatlar zərfi qəbul olunub və Prezidentin 23 dekabr tarixində verdiyi sərəncamla artıq 5-ci sosial islahatlar paketi qəbul olunacaq. Bu sərəncama görə gələn il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata çatdırılır ki, bu da cari ildəki minimum əməkhaqqından 55 manat və yaxud 16 faiz çoxdur.

Bunu da demək lazımdır ki, minimum əməkhaqqının artırılması bütün kateqoriya vətəndaşlarımızın əməkhaqqına öz müsbət təsirini göstərəcəkdir. İstər dövlət büdcəsi ilə maliyyələşən təşkilatlarda, istərsə də özəl sektorda cənab Prezidentin verdiyi sərəncama uyğun olaraq vahid tarif cədvəli üzrə maaş alan hər kəsin əməkhaqqı artırılacaqdır. Təxminən 700 min vətəndaş, onun 400 mini özəl sektordur, 300 mini isə büdcə sektorunda çalışan vətəndaşlarımızın maaşı artacaqdır.

Eyni zamanda Prezidentin sərəncamında göstərilir ki, fevral ayının 1-dən minimum pensiyalar da artırılacaq, 320 manat pensiyanın minimum məbləği təşkil ediləcəkdir. Bu da cari pensiyadan 40 manat və yaxud 14 faiz çoxdur. Bu da kifayət qədər ciddi artımdır və təxminən bizim minimum pensiya alanlarımız eyni zamanda üstünə gəlsək ki, gələn il pensiyaların sığorta hissəsi də artacaq və deməli bütün pensiyaçılar gələn il öz pensiyalarında artımı görəcəklər.

Prezidentin sərəncamında hökumətə tapşırıq verilir ki, 3 ay müddətində təqaüd və müavinətlərin də artırılması ilə bağlı təkliflərini versinlər. Yəqin ki gələn il biz bəzi növ təqaüd və Prezident təqaüdləri və müavinətlərin də artımının şahidi olacağıq.

Bütövlükdə bu artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək və dövlət büdcəsindən əlavə olaraq 1,4 milyard manat vəsait sərf olunacaq. Bu kifayət qədər böyük məbləğdir və əminliklə deyə bilərik ki artıq bu sərəncamla Prezident 5-ci dərin sosial islahatlara start vermiş oldu.

Əlbəttə, bu sərəncamların böyük əhəmiyyəti həm də ondan ibarətdir ki, gələn il pensiya, əməkhaqqı, təqaüd və müavinətlərdəki olan artımlar faiz etibarilə inflyasiyanı iki, üç dəfə üstələyəcək. Bu da vətəndaşlarımızın sosial rifahının qorunmasına və yaxşılaşmasına xidmət edəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə