"Hansısa qadağalara mütləq şəkildə ehtiyac var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial davranışlar cəmiyyətdə harmoniya yaratmağa yönəlmiş olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, söylədiyimizin əksi isə xaosa aparır: "Yəni cəmiyyət daxilində fərdlərin sosial davranışları ümumi harmoniyaya əsaslanmırsa, qarşılıqlı gözləmələr, anlaşmalar ona adekvat davranışlar yoxdursa, həmin cəmiyyətin daxilində daimi olaraq xaos hökm sürəcək. Fərdlərarası ziddiyyət, toqquşmalar, münasibətlərin kəskinləşməsi və daha böyük kontekstdə sosial münaqişələrin ortaya çıxması ilə nəticələnə bilər. Məşhur fransız sosioloqu Emil Dürkheym qeyd edirdi ki, insan elə bir varlıqdır ki, onun arzu və istəkləri sonsuzdur: "Onun arzu və istəklərini çərçivəyə salan, onun üçün müəyyən qadağalar yaradan sosial faktlara ehtiyac var". Yəni insanın arzu və istəkləri hədsiz olduğu üçün həmin azadlıq, arzuların gerçəkləşməsi cəmiyyət daxilində mütləq digər fərdlərin maraq və mənafelərinə toxunur. Maraqların uzlaşması pozulur və bu zaman fərdlər arasında sosial münaqişələr, münasibətlərdə ziddiyyətlər ortaya çıxır.

Deməli, fərdlərin davranışlarını tənzimləmək üçün hansısa qadağalara mütləq şəkildə ehtiyac var. Məşhur fransız sosioloqu Emil Dürkheym həmin qadağaları sosial fakt termini ilə ifadə edirdi. Sosial fakt qanun toplusu, etik davranışlar kodeksi, dinlərin gətirdiyi yasaqlardır. Yəni bütün bunlar kompleks şəkildə Emil Dürkheymin təbirincə desək, sosial fakt adlanır. İnsanların davranışını tənzimləyən həmin qanunlar toplusu, dini yasaqlar, etik davranış kodeksi və sairdir. Bunlar olmadıqca hər bir fərd cəmiyyət daxilində özü üçün məqbul hesab etdiyi davranış normasını seçə bilir və özünə haqq qazandırır. Başqalarının maraqlarını gözləmədən istədiyi davranışı sərgiləyir. Əlbəttə, başqalarının maraqlarını gözləmədən sərgilənən "davranış nümunələri" digər fərdlərin maraq və mənafelərinə toxunacaq, münasibətlərdə gərginlik yaradacaq. Cəmiyyətdə sosial münaqişələrlə və yaxud xaotik vəziyyətlə nəticələnəcək. Bir şəkildə fərdlərin davranışını tənzimləyəcək həmin sosial faktlara cəmiyyət həyatında daimi olaraq ehtiyac var. Zaman keçdikcə həmin qadağalar öz məzmunu da dəyişə bilir. Daha da sərtləşdirilə bilər, daha da yumşaldıla bilər. Zaman və məkan kontekstində situasiyanın nədən ibarət olduğuna baxır.

Sosioloji aspektdən yanaşdıqda Azərbaycan cəmiyyətində həm strukturalist baxışın əlamətlərini, həm də individualist baxışın əlamətlərini görə bilirik. Strukturalist baxış dedikdə cəmiyyətdə fərdin düşüncə və iradəsindən asılı olmayaraq mövcud qayda-qanunlar toplusu, dini yasaqların bir şəkildə fərdi təqib etməsi və fərdin onun təsirinə məruz qalmasıdır. Öz davranışını ümumi sosial mühitə uyğun şəkildə tənzimləyir. Yəni hər istədiyini etməkdən çəkinmə məcburiyyətində qalır. Çünki onun davranışlarının qarşılığında hansısa inzibati xəta, yaxud cərimə, cəmiyyətin qınağı gözləyə bilər.

Fərdiyyətçi baxışda isə fərdlər bütün qeyd olunanlara o qədər də dərindən əhəmiyyət verməyərək özləri üçün məqbul hesab etdiyi davranış nümunələrini ortaya qoyurlar. Məsələn, insan metroda getdiyi zaman ayağını qaldırıb əks tərəfdəki oturacağa qoyur, bununla da oradakı ümumi davranış qaydalarını pozmuş olur. Amma həmin fərd hesab edir ki, bu mənim üçün rahatdır. Bunu etməkdə mənim heç bir sosial məsuliyyətim yoxdur. Bu mənim üçün məqbul davranış nümunəsidir.

Biz öz cəmiyyətimizdə də o individualist fərdləri müşahidə edirik. Onlar cəmiyyətdə ümumi qəbul olunmuş sosial norma və qaydalara məhəl qoymadan özləri üçün məqbul hesab etdikləri davranış nümunələrini ortaya qoyur, özləri üçün bunu məqbul hesab edirlər. Hansı ki, bu cəmiyyətdə ümumi tənzimləməyə çox mənfi təsir edən amil kimi ortaya çıxır".

"Fərdlər nə qədər individualist, yəni fərdiyyətçi olsalar da, strukturalist amilləri nəzərdən qaçırmamalıdırlar. Çünki ən azından sosial qaydaları, normaları pozan fərd mütləq şəkildə bir cəzaya məruz qalacaqdır. Ən yumşaq halda cəmiyyətdə qınaq obyektinə çevriləcək. Müəyyən fərdlər qrupu tərəfindən sosial təpkilərlə üz-üzə qalacaq. Bu da ona görə baş verir ki, həmin fərd, fərdlər cəmiyyətin ümumi ab-havasını nəzərə almadan sosial norma və qaydalara önəm vermədən özləri üçün "məqbul" hesab etdiyi davranış "nümunələri" ilə sanki yeni bir davranış tiplərini ortaya qoymağa çalışırlar.

Sosial davranışların formalaşması isə bir toplumun sadiq qaldığı milli-mənəvi dəyərlər sistemi ilə də bağlıdır. Məsələn, biz - azərbaycanlılar böyüyə hörmət, kiçiyə qayğı kimi humanist dəyərlərlə tərbiyə olunub formalaşmışıq. Bunlar bizim cəmiyyətin əslində üstün cəhətləridir. Bu milli-mənəvi dəyərlər, adət-ənənələr nəsildən-nəslə ötürülərək gələcək nəsillərə çatdırılmalıdır. Ahıl birinin fiziki imkanları ayaq üstə qalmasına imkan vermir, gənclərin isə ictimai nəqliyyat vasitələrində sərbəst əyləşib telefonları ilə oynamasını seyr etmək məcburiyyətində qalacağıq. Bir zaman gələcək ki, biz bunu artıq norma kimi qəbul edəcəyik. Hansı ki, xəstə, yaşlı insan, əngəlli insan həmişə müşahidə etmişik ki, Azərbaycan cəmiyyətinin daxilində onlara qayğı, hörmət, humanist yanaşma olub. Amma son dövrlər gənclər arasında bu kateqoriyadan olan insanlara fərqli münasibətlərin də ortaya çıxdığını görmüş oluruq. 80 yaşında bir insan ayaq üstə qalıb, amma 25 yaşında gənc isə rahat şəkildə avtobusda əyləşib telefonu ilə oynayır, sanki ətrafı görmür kimi hərəkət edir. Bu isə milli-mənəvi, dini baxımdan cəmiyyət ola bilməz. Bunlar Azərbaycan cəmiyyəti üçün qəbul olunan məsələlər deyil, bir sosioloq kimi buna qarşıyam.

Ümumi davranışlar kontekstində biz geyimi də nəzərdən qaçırmamalıyıq. Çünki geyim də yeri gələndə bir davranış nümunəsidir. Fərd ictimai mühitə çıxdıqda, insanlar arasında geyimi ilə də yaxşı mənada diqqət çəkməli, nümunə olmalıdır. Yoxsa ifrat dərəcədə açıq-saçıq geyinməklə, əxlaq normalarını pozmaqla heç bir sosial norma, dəyər yaratmaq mümkün deyil. Əslində bu mənəvi deqradasiya aparır. Bir zaman üçün Azərbaycanda əxlaqsızlıq kimi qəbul edilən geyim tərzini müəyyən fərdlər öz timsallarında gerçəkləşdirərək sanki onu normaya çevirmək təşəbbüslərində olurlar. Sosioloji mənada bu, Azərbaycan cəmiyyəti üçün hələlik o qədər də keçərli deyil. Amma yox da deyil. Biz toplum olaraq buna qarşı olmalıyıq. Hər kəs öz geyim-keçimində azaddır, amma əxlaqi dəyərlər çərçivəsində" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə