Şəhid İlkin Fərəcovun xatirəsi anılıb

Torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizdən olan İlkin Fərəcovun xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub və müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhid İlkin Fərəcovun anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Qeyd edək ki, Fərəcov İlkin Sahib oğlu 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Hələ orta məktəb vaxtından vətənpərvərliyi ilə seçilib və gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan İlkin xidməti zamanı nizam-intizamı ilə seçilib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışsa da, İlkin 2016-cı il Aprel döyüşlərindən sonra ordu sıralarına qayıtmağa qərar verib və 2017-ci ildən hərbi xidmətə başlayaraq Vətənin keşiyində dayanıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı cəbhənin yarılmasında və bir çox kəndlərin azad olunmasında şücaəti ilə seçilib. Oktyabrın 16-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə