“Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” - FOTOLAR
Oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 44-cü və ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasları keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
ICAPP Daimi Komitəsinin 44-cü iclasında DK sədri Çunq Eu-yonq Komitənin 43-cü iclasından ötən dövrdəki fəaliyyətinə nəzər salaraq görülən işləri diqqətə çatdırıb və qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb. Daha sonra qarşıda duran vəzifələrə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası öz işinə başlayıb. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını YAP-ın ev sahibliyi ilə Bakı şəhərində keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasında salamlamaqdan məmnunluğunu ifadə edib və dəvəti qəbul edərək tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib.
YAP Sədrinin müavini vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, qlobal kataklizmlər, çoxsaylı təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi aktual müzakirə predmetinə çevrilmişdir: “Dünyada hərbi-siyasi konfrontasiyaların, humanitar böhranların, dini və etnik müstəvidə bir çox ziddiyyətlərin yaşandığı bir dönəmdə müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesi ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir”.
Tahir Budaqov qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir. YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, eyni zamanda, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlıq, inteqrasiya, sülh və təhlükəsizliyə xidmət etdiyini əməli fəaliyyəti ilə nümayiş etdirir. “Bu gün zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı və çoxəsrlik dövlətçilik ənənələrinə sahib olan Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Ölkəmizdə multikulturalizmin həm dövlət siyasətinin prioritetlərindən biri, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi davamlı uğurlarını şərtləndirir. Multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərin inteqrasiyası ideyalarının təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması həm ölkə daxilində tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir. Təsadüfi deyil ki, bu gün respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların mühüm rolu var. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”, - deyə Tahir Budaqov əlavə edib.
YAP Sədrinin müavini vurğulayıb ki, Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı bir araya gətirən ICAPP səmərəli dialoqun genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi üçün etibarlı platformadır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da təşkilatın fəal üzvü qismində qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan konstruktiv işbirliyini dəstəkləməkdədir: “YAP indiyə qədər təşkilatın bir çox tədbirlərinə müvəffəqiyyətlə evsahibliyi etmiş, bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual mövzularda geniş fikir və təcrübə mübadiləsinin aparılmasına, siyasi partiyalar arasında dialoqun genişləndirilməsinə öz töhfələrini vermiş və ümumi məqsədlərimizə xidmət edən təşəbbüsləri ardıcıl surətdə dəstəkləmişdir. 2022-ci ildə Bakı şəhərində keçirilmiş ICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransını bu baxımdan ayrıca qeyd etmək istəyirəm. “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş bugünkü iclasımız isə yeni dünya nizamına transformasiya şəraitində qlobal həmrəylik axtarışında olan bəşəriyyət üçün həm siyasi, həm də mədəni kontekstdə aktual məsələlərin müzakirəsi baxımından olduqca mühüm önəm kəsb edir”.
ICAPP kimi mötəbər beynəlxalq platforma vasitəsilə müxtəlif ölkələrin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsinin son dərəcədə önəmli olduğunu söyləyən Tahir Budaqov “Partiyalarımız arasındakı sıx təmaslar ikitərəfli əlaqələrin inkişafına təkan verməklə yanaşı, bir çox istiqamətlərdə, o cümlədən mədəniyyətlərarası dialoq kontekstində uzunmüddətli və çoxşaxəli əməkdaşlığa hədəflənmişdir. Bugünkü tədbirimizin də beynəlxalq münasibətlərin bərabərlik, açıqlıq və əməkdaşlıq prinsipləri əsasında qurulması yönündə təşəbbüslərə töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamımı ifadə edərək hər birinizə fəaliyyətinizdə uğurlar arzulayır və diqqətinizə görə təşəkkürümü bildirirəm”, - deyə əlavə edib.
Sonra çıxış edən ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının sabiq xarici işlər naziri Çunq Eu-yonq tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib. ICAPP Daimi Komitəsinin sədri bildirib ki, mədəniyyət sadəcə keçmişi əks etdirmir, eyni zamanda, gələcəyimizi formalaşdıran dinamik qüvvədir. O, mədəni irsin qorunmasının və bu istiqamətdə fəaliyyətlərin təşviqinin cəmiyyətlərin inklüzivliyini effektiv şəkildə artıra biləcəyinə və sosial birliyi gücləndirəcəyinə əminliyini ifadə edib.
Çunq Eu-yonq UNESCO-nun mədəniyyəti milli və sosial dayanıqlılığın sütunu adlandırmasına diqqəti çəkib. O, təşkilatın 2024-cü il qlobal hesabatına istinad edərək mədəniyyətin mənsubiyyət, dialoq və ortaq məqsədi əsas götürməklə mədəni, siyasi və sosial dayanıqlılığı formalaşdırdığını deyib: “Mədəniyyət sahəsinə investisiya qoyuluşunda yaranan boşluqlar, çıxış imkanlarında bərabərsizlik və institusional dəstəyin çatışmazlığı bu sahənin sabitləşdirici roluna təhlükə yaradır. Bu, UNESCO-nun xəbərdarlıq etdiyi ciddi problemlərdəndir. Siyasətçilər olaraq biz bu məsələdə məsuliyyət daşıyırıq. Siyasi partiyalar, hökumətlər və mədəniyyət institutları arasında dialoq gücləndirilməlidir. Mədəni müxtəlifliyi demokratiyanın, barışın və dayanıqlı inkişafın təməl daşı kimi siyasət, təhsil və innovasiya sahələrinə daxil etməliyik".
Çunq Eu-yonq ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının əhəmiyyətinə toxunaraq tədbirin sürətlə dəyişən dünyada mədəniyyətin millətlər arasında necə mühüm bir körpü rolunu oynadığını, sülhü və qarşılıqlı hörməti təşviq etdiyini deyib. "Biz tədbir çərçivəsində aparılan müzakirələrdə zəngin mədəni irsimizin əməkdaşlığa necə təkan verə və davamlılığı necə gücləndirə biləcəyini müzakirə edirik. Birləşmiş Millətlər Təşkilatının “Mədəniyyət-2030” çərçivə sənədinə uyğun şəkildə müxtəlif mədəniyyətlərin inteqrasiya üsullarını müəyyən etmək olduqca vacib şərt kimi önə çıxır”, – deyən Çunq Eu-yonq Asiya Mədəniyyət Şurasının yarandığı vaxtdan ICAPP-ın ən fəal platformalarından biri olmasına, mədəniyyəti sülh və həmrəyliyin hərəkətverici qüvvəsi kimi irəli aparmaq naminə səylər göstərdiyinə diqqəti çəkib. O, Bakıda baş tutan bu tədbirin əməkdaşlığı daha da dərinləşdirmək, dəyərli təcrübələri paylaşmaq, ideyaları mübadilə və yeni əməkdaşlıq yollarını müəyyən etmək üçün mühüm fürsət olduğunu bildirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.
Daha sonra Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edib. O bildirib ki, ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın və Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasının göstəricisidir. Onun sözlərinə görə, bu qurum regional əməkdaşlığın və mədəni dialoqun inkişafında mühüm rol oynayır.
“Müasir dövrdə siyasi partiyalar cəmiyyətlərin və dövlətlərin həyatında, eləcə də ictimai-siyasi proseslərin formalaşmasında əhəmiyyətli yer tutur” , - deyən A.Kərimli əlavə edib ki, bu gün dünyada baş verən mürəkkəb geosiyasi proseslərin fonunda daha aydın görürük ki, siyasi partiyalar yalnız daxili siyasi sistemin deyil, həm də beynəlxalq əməkdaşlığın, xalqlar arasında həmrəyliyin əsas dayaqlarından biridir.
A.Kərimli qeyd edib ki, Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və dərin milli-mənəvi dəyərlərə malik olan bir ölkədir. Onun sözlərinə görə, Azərbaycanın mədəni irsinin və mədəni dəyərlərinin zənginliyindən, onun təsir gücündən bu gün dövlət idarəetməsində, ictimai münasibətlərdə və beynəlxalq əlaqələrdə önəmli təsir vasitəsi kimi istifadə edilir. “Mədəni dəyərlər və mədəniyyət amili Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlətçilik siyasətində əsas istiqamətlərdən birini təşkil etmişdir”, - deyən nazirin sözlərinə görə, bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət dövlətin beynəlxalq siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan həm öz zəngin mədəni irsini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına, multikulturalizmin ünvanına çevrilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Multikulturalizm bizim dövlət siyasəti olmaqla yanaşı, Azərbaycanda bir həyat tərzidir”.
Nazir deyib ki, dövlətlər və xalqlar arasında mədəni mübadilənin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır: “Fond ölkə daxilində və xaricdə mədəni müxtəlifliyin təşviqi, dəyərlərimizin və irsin təbliği, həmçinin xarici ölkələrin mədəni irs nümunələrin bərpasında aktiv fəaliyyət göstərməkdədir. Vatikanda Roma katakombalarının bərpası, Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası kimi çox sayda nümunələri qeyd etmək olar”.
Onun sözlərinə görə, qloballaşma dövründə milli kimliyin qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi həm də milli təhlükəsizlik məsələsidir: “Milli müxtəlifliyi qorumaq və təşviq etmək yalnız milli dövlətlərin və hökumətlərin deyil, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin də ümumi məsuliyyətidir”.
ICAPP-ın Baş katibi, Koreya Respublikasının Monqolustandakı və Portuqaliyadakı sabiq səfiri Oh Sonq isə ICAPP Asiya Mədəniyyət Şurasının Fəaliyyət qaydalarına dəyişiklikləri və Büro üzvlüyünə namizədləri təqdim edib. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Asiya Mədəniyyət Şurasının sədri seçilib.
İclas ICAPP Daimi Komitəsi sədrinin müavini, Asiya Mədəniyyət Şurasının sabiq sədri, hazırda isə sədr müavini, Kamboca Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri, Kamboca Xalq Partiyasının Xarici əlaqələr komissiyası sədrinin birinci müavini Suos Yara və ICAPP Asiya Mədəniyyət Şurasının sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Şahin İsmayılovun moderatorluğu ilə plenar sessiyalarla davam edib.
Sonra ICAPP Asiya Mədəniyyət Şurasının sədri Şahin İsmayılov Şuranın 4-cü iclasının yekun hesabatını təqdim edib.
Şahin İsmayılov bildirib ki, bugünkü tədbir Asiyanın mədəni potensialının yalnız keçmişə deyil, gələcəyə yönəlmiş strateji imkan olduğunu göstərdi: “Çıxışların ümumi təhlili onu deməyə əsas verir ki, mədəniyyət təkcə tarixi və irsi yaddaş deyil, həm də müasir dövrün iqtisadi və siyasi proseslərinə təsir edən vacib amildir. Bu prosesdə siyasi partiyaların rolu xüsusi vurğulandı. Onların faydalı əməkdaşlıq təşəbbüsləri gələcəkdə ortaq regional inkişaf üçün açar rolunu oynaya bilər. Siyasi partiyaların birgə fəaliyyəti, dialoqu və mədəni layihələrə dəstəyi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Region ölkələri mədəniyyət vasitəsilə təhsil, innovasiya, diplomatiya və iqtisadi sahələrdə ortaq gələcək vizionu formalaşdırmaq niyyətindədir. Bu istiqamətdə siyasi iradə, institusional əməkdaşlıq və konkret layihələrin icrası vacibdir”.
Daha sonra Bakı Bəyənnaməsi qəbul edilib.
Bağlanış nitqi ilə çıxış edən ICAPP Daimi Komitəsinin həmsədri və xüsusi məruzəçisi, Pakistan Müsəlman Liqası Nəvazın üzvü Muşahid Hüseyn Sayed Azərbaycan ilə Pakistan arasında səmimi dostluq, qardaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platformadır.
ICAPP Daimi Komitəsinin həmsədri tədbirin ICAPP çərçivəsində səmərəli işbirliyinin önəmini diqqətə çatdıraraq siyasi partiyaların mədəniyyətlərarası dialoqa mühüm töhfə verə biləcəyinə inamını ifadə edib. O bildirib ki, yeni dünya nizamına transformasiya şəraitində mədəniyyətlərin inteqrasiyası olduqca vacibdir.
Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə